Dünən saytımızda gedən “Neftçi”nin yeni ovu” sərlövhəli yazının reaksiya doğuracağını bilirdik. Paytaxt klubu bu yazıya biganə qala bilməzdi və bilmədi də. Gün ərzində redaksiyamızın telefonuna bir neçə zəng oldu.
İndi kimin zəng vurduğunu, nə dediyini paylaşmaq fikrində deyiləm. Amma bakılıların etirazının, narazı qalmağının bir neçə səbəbi var idi. Onların başında isə Rəhim Həsənova guya dəstək verməyimiz dururdu.
Təbii ki, bunun belə olmadığını izah etməyə çalışdım, onların nəyi necə qəbul etmələri öz işləridi. Amma “Neftçi”nin iradlarının içində bir məqam da diqqətimi çəkdi. Və komandaya qarşı qərəzimizin olmadığını sübut etmək üçün həmin şikayəti bu yazıda qeyd etmək qərarına gəldim.
Bəri başdan qeyd edim ki, “Neftçi” əslində, bu məqamı özü ictimaiyyətə çatdırmalı, narahatlığını bildirməlidi. Daha onu hansı formada – bəyanat, açıqlama və ya necəsə – bölüşməliydi. Amma onlar istədi ki, “Neftçi”nin sözünü, PFL-ə, “Qarabağ”a ismarıcını biz çatdıraq. Problem yoxdu, bakılılar konkret öz adlarından belə açıqlama verməsə də, narazılıqlarının nədən ibarət olduğu aydındı, ona görə mən də ərz edə bilərəm.
Bakılıların fikrincə, biz onların hakimlər tərəfindən sıxışdırılmasına göz yumuruq. Doğrusu, bunu daim adı hakimlərlə yanaşı hallanan bir klubun rəsmilərinin deməsi mənim üçün çox maraqlıdı. Amma yenə də yazacam.
“Neftçi” tərəfinin fikrincə, Rəhim Həsənov “İnter”lə oyuna qonaqları zəifltmək üçün çıxıbmış. Daha doğrusu, o, 2 tur sonra keçiriləcək “Qarabağ”la oyun üçün “Neftçi”nin bəzi futbolçularını sıradan çıxarmalıymış. Bu səbəbdən Həsənov yersiz qərarları ilə Flavinyo və Denis Silvanı elə əsəbləşdirib ki, onlar rəqiblərini vurmaq məcburiyyətində qalıblar. Birincinin 2, Denisinsə 3 oyunluq cəzalanması da onu göstərir ki, bu futbolçular növbəti turun “Sumqayıt”, ardınca da çempionluq yarışındakı əsas rəqibləri olan “Qarabağ”la oyunları buraxsınlar. Belədə “Neftçi” qış fasiləsinə kimi ən vacib oyunlarına yarımcan çıxsın.
Doğrusu, bu iddiaya Flavinyoya görə hardasa inanmaq olar, amma Silvanın paltardəyişmə otağının qarşısında rəqib futbolçunu vurmasının PFL – “Qarabağ” dostluğuyla nə dərəcədə bağlı olduğu maraqlıdı. Axı, onu ki, Rəhim Həsənov buna sövq etmədi.
“Neftçi”nin bir rəsmisini digər iddiası isə diqqətçəkəndi. Belə ki, ona inansaq, cəza həddində olan Bruno Bertuççi də Sumqayıtda sarı vərəqə alacaq və bakılılar “Qarabağ” qarşısına əsas heyət oyunçuları olan 3 braziliyalısız çıxacaq.
Bizə gözləmək qalır. Bu həftəsonu bilinəcək ki, “Neftçi” cəbhəsinin iddiaları nə dərəcədə doğrudu. Bertuççi həqiqətən də qərəzli şəkildə sarı vərəqə alsa, deməli, PFL – “Qarabağ” işbirliyi haqqında deyilənlərin müəyyən əsası var. O zaman AFFA-nın həqiqətən də ağdamlıları çempion etmək istəməsi haqda deyilənlərə və Denislə Flavinyonu Rəhim Həsənovun bilərəkdən sıradan çıxarmaq variantına qayıtmalı olacağıq.
CAVAD





