Qəbul olunmuş hüquq normativlərinə görə məhkəmədə hakimin çıxardığı qərara sonradan apellyasiya komitəsində baxıla bilər. Yəni sonradan bu qərarın dəyişdirilməsi və ya ona müəyyən düzəlişlərin edilməsi mümkündü.
Elə futbolda da bu müddəlar hökm sürür. Hədər yerə məhkəmə salonunda əsas söz sahibiylə, meydanda qərar verən ədalət təmsilçisinə hakim demirlər ki. Yəni bu adaşların çıxardığı qərar həmin anda keçərli olsa da, sonradan aidiyyatı qurumlar hakimin qərarlarına düzəliş və ya əlavələr edə bilər. Vətəndaş məhkəməsində bu qərarlara apellyasiya komitəsi baxırsa, futbolda belə məsələlərə İntizam Komitəsi cavabdehdi. Ancaq təəssüf ki, Azərbaycan futbolunda dəvədən böyük olan fillər meydanda hakimin verdiyi qərarları tam dolğun təhlil edib ideal cəza meyarı tətbiq edə bilmir. Belə desək, əcnəbi göydə balonlarla gedəndə, bizim İntizam Komitəsi hələ avtomobil minməyir. Bir sözlə, oyunçuların cəzalanma prossesi XIX əsrin qanunları ilə həyata keçir.
Ümumiyyətlə, istər yaradıcılıqda, istər adi həyatda kreativlik və müasirləşmək adında anlayış var. Müəyyən mənada zamanın tələbləri ilə anlaşmaq ədalətin bərpası deməkdi. Nə isə, mus-mus deyənə qədər, keçim Mustafaya…
Məsələ ondadı ki, meydanda hakimin yanlış bir qərarı sonradan İntizam Komitəsinin üzvləri tərəfindən düzəldilməlidi. Yəni, bu, futbolu inkişaf etmiş ölkələrdə belədi. Hakim bir futbolçunu yanlış olaraq meydandan qovursa, İntizam Komitəsi vərəqəni ləğv etməlidi. Ya da əksinə, bir futbolçu hakimin gözündən yayınaraq kobud hərəkətə yol veribsə və oyuna davam edibsə, İK növbəti iclasında mütləq onu cəzalandırmalıdı.
Əlbəttə, durub indi iddia etsəm ki, tarix boyunca belə hal yaşanmayıb, başımdan böyük qələt etmiş olaram. Amma "min doqquz yüz çoxdanıncı illər"də baş verən prosseslər mənim dilimi qısalda bilməz. Bəli, İntizam Komitəsinin hazırda yuxarıda adını çəkdiyim kreativliklə bağlı problemi var. Təəssüf ki, PFL-in rəsmi saytında "qalaq-qalaq toplanan" İK-in qərarlarıyla bağlı arxiv materiallarında hansısa bir cəzanın ləğvi və ya hansısa bir cəzanın qüvvəyə minməsi haqda heç bir ciddi "fərman" görmədik. Doğrudanmı, Premyer Liqa, 1-ci dəstə və ya əvəzedicilərin çempionatında hakimlərimiz ədalətli qərarlar verməklə göz oxşayır? Doğrudanmı, hər şey idealdı?
Təsəvvür edin ki, 6 ay ərzində hansısa şəhərdə cinayət işi açılmayıb. Bu o deməkdi ki, əhali həmin şəhərdə 6 ay ərzində cinayətin baş vermədiyini qəbul edəcək? Əsla! Hamı fikirləşəcək ki, hüquq mühafizə orqanları "yuxudadı". Eynilə belə bir vəziyyət İntizam Komitəsində hökm sürür. Əlbəttə, mən hakimlərimizin qərəzli idarəçiliyindən dəm vurmuram. Amma onların səhvi təbiidisə, təbii olaraq da İK bu səhvləri düzəltməlidi. Amma biz belə halların şahidi olmuruqsa, deməli, ağız büzməyə, hətta etiraz səsimizi ucaltmağa borcluyuq.
İK-in işində ən böyük qüsur isə onların qərarları matçdan sonra tərtib olunan protokola əsasən çıxartmalarıdı. İntizam Komitəsi demək olar ki, videogörüntülərdən istifadə etmir. Halbuki, komitə hər turdan sonra bir araya toplanmalı və bütün oyunları başdan ayağa izləməlidi. Elə bir oyun ola bilər ki, orada ümumiyyətlə vərəqə olmasın. Amma matçın gedişində elə bir epizod ola bilər ki, bu hakimin gözündən yayınsın. Bizdə İK videogörüntülərə əsasən klubların şikayəti və ya hansısa qalmaqallı şübhəli məqamlarda baxır.
Bunun bir adı ola bilər: məsuliyyətsizlik və yola vermə. Ona görə də klub rəsmiləriylə Hakimlər Komitəsinin sözləri bir-birinin boğazından keçmir. Çünki heç kim bir-birinə inanmır. Bir-iki dəfə haqq öz yerini tapsaydı, klublar İK-in şəffaflığını görsəydi, arada olan etibar itməzdi. Ədaləti bərpa etmək üçün işləmək lazımdı ki, dişləyəndə də çörək boğazından keçsin. Ayda-ildə bir dəfə hansısa sarı vərəqəni ləğv etmək yalnız "bir güllə bahardı" deməyə bənzəyir…
MURAD





