Bu gün Topaz Premyer Liqasının 15-ci turuna start veriləcək. Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Rəvan" doğma divarlar arasında "Qəbələ"ni sınağa çəkəcək. Dünəndən matçın hazırlığını başa vuran Bayıl təmsilçisi oyunun başlama saatını gözləyir. Son turda "Qarabağ"la səfər oyunundan qolsuz bərabərliklə dönən Şahin Diniyevin yetirmələri iddialı "Qəbələ" görüşündən də xal almağa çalışacaq. "Rəvan" ev oyundan xalla ayrılacağı təqdirdə, autsayder "Sumqayıt"dan bir az da uzalaşacaq. Hazırda "aslanlar" 9 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
"Qəbələ" isə bu mövsüm Avropa səhnəsinə çıxmağı hədəfləyib. Bölgə təmsilçisi çempionluq uğrunda mübarizədə "Qarabağ" və "Neftçi"dən geri qalır. Yuri Syominin komandası son turda doğma azarkeşləri önündə AZAL-dan (1:0) üstün olmağı bacarmışdı. "Qırmızı-qaralar" bu günkü səfər oyunundan qələbə ilə ayrılacağı təqdirdə "Neftçi" və "Qarabağ"la xal fərqini demək olar ki, aradan qaldıracaq. Cütlüyün ilk qarşılaşmasında Qəbələ təmsilçisi "Rəvan"ın qapısından 3 cavabsız top keçirmişdi. Bu dəfə necə olacağı maraqla gözlənilir.
Sonda onu da bildirək ki, bu komandalar indiyə qədər 5 dəfə üz-üzə gəlib. Maraqlıdı ki, cari mövsümə qədər evdə oynayan komanda xala həsrət qalmışdı. Ancaq ilk dövrədəki oyunda ənənə pozuldu. Elə "Rəvan" da evdəki oyunlarında uduzduğu rəqibi əliboş yola salmağa çalışacaq. Daim bolqolluğu ilə seçilən duellərdə indiyə qədər 20 qol vurulub. Özü də qalib tərəf ən azı 3 qol vurmaqla fərqlənib. Topların fərqində "Qəbələ" üstündü – 13:7. Sülh tanımayan bu komandaların duellərində "Rəvan"ın 2, "Qəbələ"nin 3 qələbəsi var.
Topaz Premyer Liqası
15-ci tur
29 noyabr (cümə)
19:00. Rəvan – Qəbələ
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Nahid Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. "Bayıl Arena".
Turun digər oyunları sabah keçiriləcək: Bakı – İnter, Sumqayıt – Neftçi, Simurq – Qarabağ, Xəzər Lənkəran – AZAL.
| 1 | Qarabağ | 14 | 8 | 5 | 1 | 25 | 8 | +17 | 29 |
| 2 | Neftçi | 14 | 8 | 4 | 2 | 21 | 12 | +9 | 28 |
| 3 | Qəbələ | 14 | 8 | 2 | 4 | 21 | 13 | +8 | 26 |
| 4 | Bakı | 14 | 6 | 3 | 5 | 25 | 16 | +9 | 21 |
| 5 | İnter | 14 | 6 | 2 | 6 | 24 | 19 | +5 | 20 |
| 6 | Simurq | 14 | 4 | 6 | 4 | 12 | 12 | 0 | 18 |
| 7 | AZAL | 14 | 4 | 5 | 5 | 12 | 17 | –5 | 17 |
| 8 | XL | 14 | 3 | 5 | 6 | 10 | 20 | –10 | 14 |
| 9 | Rəvan | 14 | 1 | 6 | 7 | 8 | 25 | –17 | 9 |
| 10 | Sumqayıt | 14 | 1 | 4 | 9 | 6 | 22 | –16 | 7 |
Bombardirlər:
7 – Vaqif Cavadov (İnter)
6 – Əfran İsmayılov (Bakı)
6 – Mindauqas Kalonas (Bakı)
5 – Reynaldo (Qarabağ)
5 – Baçana Sxadadze (İnter)
5 – Bahodir Nasimov (Neftçi)
5 – Nikolas Gelaşvili (Qarabağ)
5 – Leonardo da Silva (Qəbələ)





