"Xəzər Lənkəran"ın məşqçisi Emin Quliyevin futbolinfo.az saytına müsahibəsi
 
– Artıq bir həftədi komandanın baş məşqçisi Con Toşak istefa verib. Komandanı AZAL-la oyuna siz hazırlamısız. Düşərgədə bu müddət ərzində nə dəyişib?
– Dəyişiklik yeni baş məşqçinin gəlişindən sonra olacaq. Hələ ki, komanda həmişəki proqramla növbəti oyuna hazırlaşır.
 
– Baş məşqçi istefası, eləcə də komandanın indiki durumu futbolçuların psixoloji vəziyyətinə nə dərəcədə təsir göstərib?
– Təbii ki, bütün bunlar futbolçulara təsirsiz ötüşmür. Amma psixoloji durumu düzəltmək üçün əlimizdən gəlirik. Bu yolda AZAL-la oyun da az əhəmiyyət daşımır. Çünki psixoloji durumu qaydasına salmaq üçün bizə 1 qələbə kifayətdi.
 
– Sabah komanda AZAL ilə qarşılaşır. Bu oyuna nə dərəcədə yaxşı hazırlaşmısız?
– İnşallah, bu, sabah oyunda bilinəcək.
 
– Heyətdə zədəli və ya cəzalı futbolçular varmı?
– İki zədəli futbolçumuz var idi – Ağabala Ramazanovla Uğur Pamuk. Amma onlar da artıq komanda ilə məşqlərə çıxırlar. Bütövlükdə, komanda bu oyuna hazırdı.
 
– Rəqib komandanı necə dəyərləndirərdiz?
– AZAL zəif rəqib deyil. Biz bu oyuna ciddi yanaşmasaq, qələbə qazana bilmərik.
 
– Sizcə, Toşakın uğursuzluğuna səbəb nə oldu?
– Bunu mən deyə bilmərəm. Özü daha yaxşı bilər.
 
– Bildiyimizə görə, Mustafa Dənizli sabahkı matçı tribunadan izləyəcək. Sizcə, bu, komandaya əlavə stimul verəcək?
– Düzü, bu xəbəri sizdən eşidirəm. Amma elə olsa, əlbəttə, bu, futbolçular üçün çox yaxşı stimul olacaq.
 
– Dənizlinin köməkçiləri arasında sizə də yer veriləcək?
– Məni bu komandaya klubun prezidenti Mais Mənsimov gətirib. Ona minnətdarlığımı bildirirəm. Amma qalıb-qalmayacağımla bağlı hələ heç nə bilmirəm.
 
KƏMALƏ İSMAYILOVA 
Shares: