Futbol üzrə Azərbaycan milli komandasının və “Qəbələ”nin yarımmüdafiəçisi Nizami Hacıyevin yenidən Polşa çempionatında oynamaq imkanı yaranıb. Futbolinfo.az xəbər verir ki, vaxtilə futbolçumuzu baxışa çağırıb bəyənən "Poqon" klubu hələ də onun adını transfer siyahısından silməyib.
 
Xatırladaq ki, Nizami “İnter”də çıxış edərkən Polşanın yüksək liqa klubundan təklif almışdı. Bu məqsədlə o, bir müddət sözügedən komandada baxışda da olmuşdu. Nizami bəyənilsə də, “İnter” onun transferi üçün qarşı tərəfdən 100 min avro istəmişdi. Polşa klubu isə paytaxt klubunun bu tələbini yerinə yetirməkdən və transferdən imtina etmişdi.
 
Amma görünür, “Poqon” Hacıyevi izləməkdə davam edib və məhz bu üzdən həmyerlimizi yenidən düşərgəsinə çağırıb. Hacıyev bu məqsədlə bir neçə gün yenidən sözügedən klubun düşərgəsinə yollanıb. 2 gün “Poqon”un düşərgəsində qalan Hacıyev qarşı tərəflə müxtəlif məsələləri müzakirə etdikdən sonra geri qayıdıb.
 
Elə məhz bu məqsədlə ötən gün Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilmiş "Rəvan" – "Qəbələ" matçından (0:1) sonra futbolçu ilə bu barədə söhbət etdik. Hacıyev "Poqon"la ilkin razılığa gəldiyini və hər şeyin qış transfer pəncərəsi dövründə dəqiqləşəcəyini bildirdi:

"Poqon"dan "Qəbələ"yə məktub gəldi. Onlar da bu məsələni yaxsı qarşıladılar. Bu üzdən Polşaya yollanmağıma şərait yaratdılar. Orada baş məşqçi ilə görüşdum, söhbətimiz oldu, yüngül məşq etdim. "Poqon"la demək olar ki, 80 faiz razılaşmışıq. Buna ilkin muqavilə də demək olar. Amma hələ tibbi müayinədən keçməmişəm. İnşallah,

dekabrın 20-nə kimi bu məsələ tam həll olunacaq".
 
25 yaşlı futbolçu "İnter"dən fərqli olaraq, "Qəbələ"nin ona problem yaratmayacağından əmindi: "Qəbələ" ilə muqaviləmdə belə bənd var ki, 6 ay sonra mənə xarici klublardan təklif gəlsə, məni azad agent statusu ilə buraxacaqlar. Ona görə bu dəfə klubum tərəfindən problem yaranacağını düşünmürəm. Hər şey "Poqon"la necə razılığa gəlməyimizdən asılıdı".
 
Hacıyev Polşa çempionatına ad xatirinə getmədiyini də xüsusi vurğulayıb: "Mən karyeramı fikirləşirəm. Düzdü, hamı ailəsini saxlamaq üçün oynuyur. Ancaq mənim pula ehtiyacım yoxdu. Həm də "Poqon"a da ad xatirinə getmirəm. Çünki qısa müddətdən sonra geri qayıtmaq haqda düşünmürəm. Haqqımda "getdi, bir həftəyə qayıtdı" kimi fikirlərin səslənməsini də qəti arzulamıram. Bu üzdən maksimum çalışacam ki, özümü "Poqon"da yaxşı tərəfdən gostərim, Azərbaycan futbolu ücün nəsə faydalı bir iş görüm".
Shares: