Futbolçu kimi idman ictimaiyyətinə yaxşı tanış olan və son illər məşqçi kimi fəaliyyət göstərən Xaqani Məmmədov yenidən “Qəbələ”yə dönüb. Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis ötən mövsüm “Qəbələ” Futbol Akademiyasında çalışırdı.
“Qəbələ” Futbol Akademiyasına təyinatı hələ ötən ilin dekabrında gerçəkləşən Məmmədov bir müddət bilik və bacarığını azyaşlı futbolçuların puxtələşməsinə yonəldib. Lakin o, mövsümün əvvəlində, daha dəqiq desək, sentyabrda Vladislav Qədirovun “Rəvan”a baş məşqçi vəzifəsinə təyinatından sonra Bakı klubunun məşqçilər korpusunda yer aldı. Təəssüf ki, onun paytaxt komandasındakı fəaliyyəti çox çəkmədi. V.Qədirovun ötən ay “Rəvan”ın baş məşqçisi postundan ayrılmasından sonra Xaqani də işi ilə vidalaşmalı oldu.
Bu üzdən 38 yaşlı mütəxəssis yenidən "Qəbələ" Futbol Akademiyasında hücumçularla işləyən məşqçi kimi fəaliyyətini bərpa edib. Məmmədov məşqciliyə 2011-ci ildə futbolçu kimi karyerasını başa vurduğu Bakı “İnter”ində başlayıb və paytaxt təmsilçisinin 11 yaşa qədər futbolçulardan ibarət komandasına rəhbərlik edib. ("Qəbələ" qəzeti)





