Premyer Liqanın daha bir turu geridə qaldı. Çempionluğa gedən yol bir az da qısaldı. Cari mövsümün 15-ci turu isə bir neçə əlamətdar hadisəylə yadda qaldı. Bunlardan biri də yenidən təmir olunan Zaqatala stadionunun istifadəyə verilməsi oldu.
6 mərtəbəli bina
Oyun günü olduğundan ilk baxışdan 6 mərtəbəli binanı xatırladan stadionda hərəkətlilik hiss olunurdu. Lakin stadionun inzibati binasını gəzdikcə onun 6 yox, 3 mərtəbədən ibarət olduğunu görürsən.
Stadionun 1-ci mərtəbəsi komanda üzvləri üçün nəzərdə tutulub. Belə ki, 1-ci mərtəbədə futbolçular üçün 2 paltardəyişmə otağı, məşqçilərin bir araya gəlməsi üçün 2 xüsusi otaq istifadəyə verilib. Bundan başqa Zaqatala şəhər stadionunun ilk mərtəbəsində hamam və masaj otaqlarına da rast gəlmək olur. Klub jurnalistləri də yaddan çıxarmayıb. Belə ki, həmin mərtəbədə qələm əhlinin oyundan sonra baş məşqçilərlə görüşməsi üçün konfrans otağı da təmir edilib.
2-ci mərtəbədə yerləşən otaqlar da komanda üçün nəzərdə tutulub. Belə ki, bu mərtəbədə futbolçular üçün sauna, fitnes otağı var. Bundan başqa bu mərtəbədə rəsmilər və mətbuat nümayəndələrinin oyunu izləməsi üçün bağlı otaqlar istifadəyə verilib.
Tribunadan dağlara
Stadionun inzibati binasından sonra tribunalara və meydana baxmağa yollandım. Bölgə stadionununda keçirilən oyunları eyni vaxtda 3500 azarkeş izləyə bilər. Bu tribunalar VİP və adi tribuna olmaqla 2 yerə bölünür. Rəngi ilə seçilən oturacaqların göy olanı azarkeşlər, qırmızı olanları isə VİP qonaqlar üçün nəzərdə tutulub.
Tribunadan oyun izləyərkən azarkeşlər yalnız oyundan zövq almır. Kim istəsə, vaxt tapdıqca başını qaldırıb Qafqaz dağlarına da nəzər yetirə bilər. Hər br tribunadan bu möhtəşəm mənzərəni seyr etmək mümkündü. Lakin stadionun kənarından avtomobil yolu keçdiyindən kənarlarda tribuna tikmək mümkün olmayıb. Meydanın arxa hissəsində isə kiçik bir meydança yaradılacaq ki, burada da kiçik yaş qruplarından olanlar məşq keçə biləcək. Beləliklə, rəhbərlik bununla yeni istifadəyə verilmiş əsas meydançanı qorumuş olacaq.
Azarkeş axını
Artıq bir neçə saatdan sonra "Simurq" cari mövsümdə ilk dəfə Zaqatalada azarkeşlər önünə çıxacaqdı. Bu səbəbdən yerli futbolsevərlərin arenaya axını davam edirdi. Zaqatalalılar bu "aclığ"a son qoyacaqdı. Oyunun başlamasına az qalmış zaqatalalılar artıq öz yerlərini tutmuşdu. Oyunun başlamısını gözləyən tərəfdarların kimisi vaxtını tumla, kimisi siqaretlə, kimisi də çempionatı müzakirə etməklə “öldürürdü”. Mənim gözümə isə "Simurq"un "Yenilməz Batalyon" adlanan azarkeş qrupunun üzvlərinin əllərində tutduqları bir yazı sataşdı. Zaqatalalı azarkeşlər "Böyük oyun"da həbs olunan Zaur və Elikonun azadlıqlarını istəyirdi. Axı, onlar da azarkeşdi…
Yeni kənddə köhnə adət
Fikrimcə, yaxşını yazanda pisi də unutmaq olmaz. Yuxarıda qeyd etdiklərim stadionun müsbət, göz oxşayan tərəfi idi. Bir neçə saatlıq stadion təəssüratlarımda yadda qalan pis tərəflər də oldu. Məsələn, yeni təmir olunmuş stadionun inzibati binasının divarındakı çatlar bu qədər əziyyətə kölgə salırdı. Bu cür divarları bir yox, bir neçə yerdə görmək mümkün idi. Bundan başqa meydanda tablonun olmamağı da nəzərimdən qaçmadı. Hərçənd deyilənə görə elektron tablo olub. Sadəcə, indi işləmədiyindən yeri boş qalıb. Bu barədə klub rəsmisi də öz fikrini bildirdi və qışda yeni hesab tablosunun quraşdırılacağını dedi.
… və komandanın istirahəti
Oyun bitdikdən sonra komandanın qaldığı məkanla tanış olmaq üçün ora yollandım. İlk öncə katejlərə nəzər yetirdim. İki mərtəbəli, hamamı, tualeti və 2 otağı olan bu katejlərdə futbolçuların istirahəti üçün hər bir şərait yaradılıb. Həmin ərazidə kiçik meydança da gözümə dəydi. Bu meydança isə boş vaxtlarında digər idman növü ilə məşğul olan futbolçular üçün nəzərdə tutulub. Katejlərin yaxınlığında yeməkxana da fəaliyyət göstərirdi. Böyük yeməkxananın qapıları klubun hər bir işçilərinin üzünə açıqdı. Yolumu yeməkxanadan salanda futbolçuların şam etdiyini gördüm. Onlarla söhbətimdə bu şəraitdən razılığını ifadə etdilər. Əgər şəraitdən razısansa, sənə qalan təkcə nəticə qazanmaqdı…
RÖVŞƏN ƏHLİMANOĞLU, Bakı – Zaqatala – Bakı





