Ölkə kubokunun 1/8 final mərhələsində Naxçıvanda "Araz"ın qonağı olacaq "Simurq" bu gün Zaqatala şəhər stadionunda növbəti məşqinə çıxıb. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, "Qarabağ"la oyundan sonra yetirmələrinə istirahət verməyən məşqçilər korpusu bugünkü çalışmalarda əsasən taktiki və texniki tapşırıqlara üstünlük veriblər.
 
Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət təmrinlər yerinə yetirildikdən sonra toplu çalışmalara keçirilib. Futbolçular mövqelərinə görə bölünərək məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirib. Sonda isə iki qrupa bölünüblər. Onlardan biri kiçik qapılarda ikitərəfli oyunla, digəri isə qısa ötürmələr üzərində məşq edib.
 
Sabah Gəncəyə yollanacaq komanda oradan təyyarə ilə Naxçıvana yol düşəcək və son məşqini qarşılaşmanın oynanılacağı meydançada edəcək.
 
Qeyd edək ki, "Araz" – "Simurq" oyunu dekabrın 4-də keçiriləcək və saat 14:00-da start götürəcək.
Shares: