Futbol Liqasının prezidenti Ramin Musayev futbolinfo.az saytına müsahibəsində yerli futbolçuların qazancına limit qoyulmasının tərəfdarı olduğunu bildirmişdi. Bəs görəsən futbol ictimaiyyəti bu barədə nə düşünür? Onarın da fikirlərini öyrənmək üçün sorğu keçirdik.
Respondentlərimizə "Yerli futbolçuların qazancına limit qoyulmasının tərəfdarısınızmı" sualı ilə müraciət etdik. Onların fikirlərini təqdim edirik:
Şahin Diniyev ("Rəvan"ın baş məşqçisi): "Bu, daha çox rəhbərliyin işidi. Düzü, bu suala cavab verməyə çətinlik çəkirəm. Klubda təsərrüfat işlərinə mən baxmıram. Mən yalnız futbolla, meydanda baş verənlərlə, oyunumuzla bağlı suallara cavab verə bilərəm. Amma onu deyə bilərəm ki, bunun həm yaxşı, həm də pis tərəfləri var. Əgər futbolçu aldığı pula dəymirsə, əlbəttə qiyməti aşağı salınmalıdı".
Georgi Nikolov ("İnter"in prezidenti): "Əslinə qalsa, bu, mənim fikrim olub, Ramin Musayevin yox. Minimum 7-8 ildi mən bunu deyirəm. Mənim ilk təkliflərimdən olub. Amma ovaxtkı AFFA rəhbərliyi mənə bunun daxili işləri olduğunu və buna qarışa bilmədiyimi demişdi. ABŞ Milli Basketbol Liqasında (MBL), Milli Hokkey Liqasında (MHL) bu tip limit var. Sadəcə, buna nəzarət etmək çətindi".
Vaqif Sadıqov (AZAL-ın baş məşqçisi): "Biz bir balaca Ramin müəllmi qabaqlamışıq. AZAL-da bu limit artıq tətbiq olunur. Bundan öncə qat-qat çox pul alan futbolçular indi o maaşı almırlar. Yəni bu fikri müsbət qarşılayıram. Ancaq düşünürəm ki peşəkar futbolda hansısa qadağa qoymaq düzgün deyil. Hər bir futbolçu ilə fərdi müqavilələr olur. Şişirdilmiş məbləğlər var. Futbolçuya yaxşı pul vermək olar, amma onların səviyyəsi buna imkan vermir".
Rail Məlikov ("Qəbələ"nin müdafiəçisi): "Yəni, bizim maaşlara limit qoyulmasını deyir də, hə? Vallah, Ramin Musayevə hörmətim böyükdü. O, nəsə bilir ki, bunu deyir. Amma fikrimcə, bunu hər futbolçuya aid etmək olmaz. Yəni aldığı pula layiq olanlar da var, olmayanlar da".
Kamran Quliyev ("Sumqayıt"ın prezidenti): "Biz Premyer Liqada yerli futbolçulara ən az maaş verən klubuq. Ramin Musayevin fikrinə münasibətim əladı. İmkanı varsa, bu limiti necə qoymağın yolları barədə də öz təkliflərini açıqlasın".
KƏMALƏ İSMAYILOVA





