Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda “Neftçi”nin futbolçusu Flavinyo barədə müraciətə baxılıb.
 
Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:
 
AFFA-nın İntizam Komitəsinin “Neftçi”nin futbolçusu Flavinyo barədə çıxardığı 26.11.2013-cü il tarixli qərarı qismən dəyişdirilsin. Futbolçu intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Flavinyo analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun. (AFFA)
 
Maraq üçün bildirək ki, biz "Neftçi"nin Flavinyonun cəzasını ləğv etdirmək üçün necə dəridən-qabıqdan çıxdığı barədə hələ bir neçə gün öncədən müxtəlif yazılarımızda qeyd etmişdik. Paytaxt klubu öncə Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilmiş "Sumqayıt"la qarşılaşmadan öncə bu komandada icarədə olan 4 futbolçusunun oynamasına icazə vermədi. Buna ən əsas səbəb isə Flavinyonun cəzasının azaldılmasına nail olmaq idi. Axı sözügedən məsələnin dolayısıyla "Sumqayıt"la bağlılığı var idi. Belə ki, Sumqayıt təmsilçisinin sponsoru, ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin sədri vəzifəsində çalışır. Məhz bu üzdən "Neftçi" futbolçusunun bağışlanmasına məhz "şantaj" yoluyla nail olmaq istəyirdi. Gözlənildiyi kimi, bu məsələ o vaxta qədər həll olunmadığından həmin 4 futbolçu "Neftçi"yə qarşı nəinki oynadı, heç iştirak ərizəsində də yer almadı. Lakin görünür klub prezidenti Sadıq Sadıqov digər təsir vasitələrindən istifadə edərək Flavinyonun bağışlanmasına nail ola bilib. Hər halda paytaxt klubu çempionluq yolundakı əsas rəqibi "Qarabağ"la oyunda aparıcı futbolçusunun xidmətindən yararlana biləcək.
 
AFFA-nın çıxardığı cəza qərarını açıqlamasıyla da bağlı maraqlı məqam var. Deyəsən, ölkəmizdə "benzin dəbi" formalaşmaqdadı. Ölkə ərazisində bir gün öncə benzinin qiymətinin qalxması necə gecəyarısı insanarın yuxusuna haram qatdısa, AFFA da Flavinyonun cəzasının yüngülləşdirilməsi ilə bağlı qərarını məhz gecə vaxtı açıqladı. Maraqlıdı, Apellyasiya və Ekspert Komitəsinin üzvləri bu məsələni müzakirə etmək üçün məhz gecə vaxtımı bir araya gətirilib? Yoxsa, onların müzakirələri gündüz başlasa da, gecəyarısına kimi davam edib? Hər halda müəmmalı məqamlar yetərincədi. Məlum olan isə yeganə məqam var. "Neftçi" və Sadıqov həmişəki kimi, Premyer Liqada istədiyini diqtə etdirməkdədi. 
Shares: