"Sumqayıt"ın kapitanı Samir Abbasov futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Bakı"ya qarşı keçirilən oyundan (1:2) sonra futbolinfo.az saytının suallarını cavablandırıb.
 
– Oyun haqda fikirlərinizi bilmək istərdik…
– Deməyə söz tapa bilmirəm. Məğlub olduğumuz üçün məyusam. Kubokda mübarizəni dayandırdıq. İndi əsas fikrimiz çempionata yönəlib. Çalışacağıq ki, çempionatda uğursuz çıxış etməyək.
 
– Topaz Premyer Liqasının 15-ci turundakı "Neftçi" ilə qarşılaşmada olan penalti epizodu bu qarşılaşmada da təkrarlandı…
– Bu haqda heç nə deyə bilmərəm. Penalti var idi, yoxsa yox, bunu ən yaxşı hakimlər bilər. Bu mövzuları müzakirə etməyə gücümüz qalmayıb. Amma başa düşə bilmirəm ki, niyə bu gün verilən penalti həmin qarşılaşmada təyin olunmadı. Çünki oxşar epizodlar idi. Bu sistemi başa düşə bilmirəm.
 
– Bu addımı elə də iddialı olmayan klublara qarşı qərəzli mövqe hesab etmirsiz ki?
– "Sumqayıt"dı da. Hər halda bu sualın cavabını "Neftçi" və "Bakı"ya qarşı oyunlarımızın nəticəsi, bu görüşlərdə baş verənlər göstərir. Ötən oyunda "Neftçi"nin qapısına penalti təyin edilmədi, bu gün eyni epizodda 11 metrlik nöqtəni göstərdikər. Bu, sizin verdiyiniz suala cavabdı.
 
– Premyer Liqanın 16-cı turunda yenidən "Bakı" ilə qarşılaşacaqsız…
– Yaxşı oyun olacaq. Bugünkü qarşılaşma bizə həmin oyun öncəsi dərs oldu. "Bakı" ilə oyundan yaxşı nəticə çıxaracağımıza inanıram. Ancaq itkilərimiz çoxdu. Mən də cəza səbəbi ilə həmin oyunda iştirak edə bilməyəcəm. İnanıram ki, uşaqlar bizim yoxluğumuzu hiss etdirməyəcəklər.
 
– "Neftçi"nin futbolçusu Flavinyoya 2 oyunluq cəza verilmişdi. Ancaq həmin cəza ləğv olundu. Cəzanızın yüngülləşdirilməsi üçün müraciət etmisiz?
– Düzü, buna vaxt olmayıb. Cəza dünən verilib, bu gün də kubok oyunumuz var idi. Fikrimcə, bu məsələ ilə bağlı rəhbərlik müvafiq addım atacaq.
 
– "Sumqayıt"ın sonuncu pillədən xilas olmaq şanslarını necə qiymətləndirirsiz?
– Hər şey öz əlimizdədi. Qarşıda 3 oyunumuz var. Qış fasiləsində heyəti gücləndirmək lazımdı. Komandamızın gücü azdı. Gücümüzə güc qatmaq lazımdı.
 
EMİN SƏFƏROV
Shares: