"Xəzər Lənkəran"nın baş məşqçisi Mustafa Dənizli yeni klubu ilə ilk oyunu barədə Türkiyə mətbuatına danışıb. Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis debüt matçını Azərbaycan kubokunda 1-ci Divizion təmsilçisi "Neftçala"ya qarşı keçirdi və 4:0 hesablı qələbəyə sevindi.
O, bu matçla bağlı təəssüratlarını "Ntv Spor"la bölüşüb: "1-ci Divizonda 3-cü pillədə olan bir klubla qarşılaşdıq. Rəqibimiz də iddialı idi. Amma biz daha üstün idik və çox yaxşı nəticə əldə etdik. Bu qələbə mənim üçün önəmli idi".
Komandasının Topaz Premyer Liqasındakı vəziyyətini dəyərləndirən Dənizli bildirib ki, hədəf Avroliqaya vəsiqə qazanmaqdı: "Rəqiblərimizdən geridəyik. Ancaq liqanın bitməsinə 23 tur (qeyd edək ki, Dənizli burada yanlışlığa yol verib. Çünki Premyer Liqada bundan sonra 23 yox, 21 tur qalır – red.) var. Futbolda olmayacaq bir şey yoxdu. Çətin bir hədəfimiz var. Avropaya getməyin iki yolu var. Amma bizim qazanmaq ehtimalı daha yüksək olan kubokdu. Çətinliklə əldə olunan nailiyyət gözəl olur. Bu, daha həyacanverici olur. Bunu mütləq sınayacağıq. Buna kimsənin şübhəsi olmasın.ş n üçün mübarizə aparacağıq. Həftəsonu önəmli matçımız var. İlk dövrənin bitməsinə 3 tur qalıb. Bu oyunlarda alınacaq 9 və ya 7 xal bizim üçün çox önəmlidi".
Türkiyəli çalışdırıcı transfer planları haqda da danışıb: "Komandada əcnəbi futbolçuların sayı daha çoxdu. Burada da bizə bənzər sistemdən istifadə olunur. Start heyətində 4 azərbaycanlı, 7 legioner oyunçu yer alır. 4 azərbaycanlı futbolçudan birinin isə 21 yaşadək olması şərtdi. Qış transfer pəncərəsində əcnəbi futbolçu transfer etsək, bu, Türkiyədən ola bilər. Türkiyədən istədiyim oyunçunu tapa bilməsəm, başqa ölkələrə də üz tuta bilərik. "Xəzər Lənkəran"dakı hədəfimiz bacarılmayan nə varsa, onu gerçəkləşdirməkdi".





