Avropada idmanda saxtakarlığa  qarşı mübarizə aparan “Federbet Dərnəyi” Avropa Parlamentinə hesabat göndərib. Futbolinfo.az xəbər verir ki, hesabata əsasən, bu mövsüm 57 matçda dəqiq saxtakarlıq, 150 matçda isə şübhəli epizodlar olduğu qeyd olunub. Dərnək avqustdan bəri apardığı müşahidələr zamanı ən çox Cənubi Kipr, İngiltərə, Latviya, Litva, İsveç və İtaliyada oyun alqı-satqısı olduğunu vurğulayıb.
 
Bundan başqa 2 basketbol, 3 tennis və 1 həndbol matçında da bilərəkdən oyun satılıb. Nəticə etibarilə ortada qeyri-qanuni yolla idmandan 8 milyon avro gəlir əldə edilib. Dərnəyin hesabatında analoji hadisələrə İspaniyada da rast gəlindiyi qeyd olunur. Bunlar 3-cü divizion və qadınlar arasındakı çempionatda qeydə alınıb.
 
İspaniya Peşəkar Futbol Liqasının direktoru Rikardo Resta polisinin mövzunu araşdırdığını da qeyd edib.
 
AP-nin sədri Martin Şulz isə məsələ ilə bağlı bunları deyib: "Avropada idmanla bağlı standartlarımız var, amma idmanda saxtakarlıqla mübarizə aparmaq üçün cəza standartımız yoxdu. Daha çox qanuni infrastruktur lazımdı. Mən bu yolda tam dəstəyimi verirəm''.
Shares: