Azərbaycanlı futbolçuların biznes sahəsinə meyl etməsi barədə çox yazılıb. Hərcənd ki, oyunçuların bəziləri gözə gəlməmək üçün bunu gizlətməyə və bu barədə danışmamağa çalışırlar. Lakin heç də onların hamısı başqa sahəyə sərmayə qoyduqlarını sirr saxlaya bilməyiblər. Elə bu günlərdə Nadir Nəbiyevin də biznesinin üstü açılıb.
 
Futbolinfo.az xəbər verir ki, iki il öncə futbolçu karyerasına son qoyan hücumçu vaxtında yığdığı pulun bir hissəsini həm də sevimli idman növünə xərcləyir. Təbii ki, qazanc götürmək məqsədi ilə. Belə ki, Nəbiyev doğulub boya-başa çatdığı Tovuzda müasir tələblərə cavab verən süni örtüklü mini-futbol meydançası saldırıb. Rayonda bu məkan daha çox "Nadirin polyası" kimi tanınır. Stadionda projektorların quraşdırılması burada gecə saatlarına kimi futbol oynamağa imkan yaradır. Arenada bir saat top qovmağın qiyməti isə 25 manatdı. Bu məbləğə oyundan sonra həvəskar oyunçulara pulsuz isti çayın verilməsi də daxildi.
 
Qeyd edək ki, Nəbiyevin bu stadionla yanaşı, doğma rayonunda tikinti materialları biznesinin olmasına dair məlumatlar da var.
Shares: