Futbolçular yaşıl meydandanlarda olduğu kimi virtual aləmdə də rəqabət aparır. "Qızıl Top" mükafatını 4 dəfə qazanan Lionel Messi, mükafata bir dəfə sahib çıxan Kriştianu Ronaldo, ötən mövsüm Almaniyada və Avropada bütün kubokları başı üzərinə qaldıran Frank Riberi dünya futbolunun ən böyük mükafatını qazanmağa ən real namizədlər hesab olunsalar da, sosial mediada rəqabət eyni səviyyədə yaşanmır.
Futbolinfo.az xəbər verir ki, hazırda Ronaldo virtual aləmdə bütün həmkarlarını üstləyir. Portuqaliyalı ulduzun sosial mediada 90 milyona yaxın izləyicisi var. "Real"ın futbolçusunu "Twitter"də 23 milyon 107 min, "Facebook"da da 66 milyon 820 min nəfər izləyir.
Ronaldonun yaşıl meydanlardakı ən böyük rəqibi Messi ondan çox geri qalır. Argentina və "Barselona"nın ulduzunun "Facebook"da 51 milyon 120 min izləyicisi var.
Ronaldo və Messini karyerasını "Milan"da davam etdirən Kaka izləyir. Braziliyalının "Twitter" və "Facebook"da 42 milyon 235 izləyicisi var.
4-cü və 5-ci yerləri isə Neymar (26 milyon) və Andres İnyesta (23.3 milyon) tutur.





