Bu gün Topaz Premyer Liqasında 16-cı turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, eyni gündə tura yekun vurulacaq.
 
Günün və turun ilk oyunu Qəbələdə baş tutacaq. "Qəbələ" doğma azarkeşlər önündə digər bir bölgə təmsilçisi "Simurq"u sınağa çəkəcək. Çempionluğa iddialı Qəbələ təmsilçisi görüşdən qələbə ilə ayrılarsa, ilk iki pillədən birinə yüksələcək. Zaqatala təmsilçisi üçün Qəbələdə çətin olacaq. Kubok uğrunda mübarizədə "Araz Naxçıvan"a məğlub olan "Simurq" bu oyundan mütləq xalla ayrılmalıdı. Əks təqdirdə komandada islahatların olacağı istisna edilmir. Cütlüyün ilk qarşılaşmasında qolsuz bərabərlik qeydə alınmışdı.
 
Turun ikinci oyununda AZAL "Rəvan"ı qəbul edəcək. Vaqif Sadıqovun komandası bu dəfə də meydana optimal heyətlə çıxa bilməyəcək. Sarı vərəqə limitini dolduran və "qırmızı" alan legionerlər – Vladimir Boqdanoviç, Branislav Arsenyeviç və Xose Junior Aylton matçı tribunadan izləməli olacaq. Kubokdan əli üzülən "təyyarəçilər" Avropaya çıxmaq üçün bütün gücünü Premyer Liqaya sərf etməlidi. "Rəvan" isə kubok matçında divizion klubu üzərində qələbə qazanaraq özünəinamı bir az da artırdı. Autsayderdən bir pillə yuxarıda qərarlaşan Şahin Diniyevin komandası qələbə sayəsində "Sumqayıt"dan bir az da uzaqlaşmış olacaq. İki komandanın Bayılda baş tutan ilk görüşündə qapılara top vurulmamışdı.
 
Daha sonra "Sumqayıt" öz meydanında "Bakı" ilə münasibətlərinə aydınlıq gətirəcək. Autsayder "Sumqayıt" yalnız qələbə qazanacağı halda bu mövqedən xilas ola bilər. Paytaxt klubunun vəziyyəti isə pis deyil. İlk beşlikdə qərarlaşan Milinko Pantiçin komandası qazanılan qələbə sayəsində mövqeyini gücləndirəcək. İlk qarşılaşmada Bakı təmsilçisi minimal hesablı qələbə qazanmışdı. Bu görüş Aqil Məmmədovun komandası üçün həm də bir neçə gün öncə baş tutan kubok oyunundakı məğlubiyyətin qisasını almaq baxımından əhəmiyyət daşıyır.
 
Sumqayıtdakı matçla eyni vaxtda "Şəfa" stadionunda "İnter" "Xəzər Lənkəran"ı qonaq edəcək. Lənkərandakı görüşdə bir qolla yenilən bölgə klubu Bakıya yeni baş məşqçi ilə gəlir. Belə ki, əgər Lənkəran klubu ilk qarşılaşmada Con Toşakın başçılığı ilə meydana çıxmışdısa, bu dəfə Mustafa Dənizli komandaya başçılıq edəcək. Son turlarda uğurlu çıxış edən Kaxaber Sxadadzenin komandası qələbə qazanarsa, liderlərə bir az da yaxınlaşmış olacaq. Türkiyəli mütəxəssislə ilk çempionat matçına çıxacaq cənub təmsilçisinin hansı nəticəyə nail olacağı maraq doğurur.
 
Turun mərkəzi oyunu isə günün sonunda keçiriləcək. "Qarabağ" mərkəzi arenada "Neftçi"ni sınağa çəkəcək. Komandaların yerləşdiyi mövqeyi nəzərə alsaq, bu görüşün çox gərgin və maraqlı keçəcəyini demək olar. Liderliyi qorumaq üçün Bakı klubunu sülh də qane edirsə, Ağdam təmsilçisi birinciliyi ələ keçirmək üçün mütləq qələbə qazanmalıdı. Son günlərdə Flavinyonun bağışlanması "Qarabağ" cəbhəsini narahat etsə də, komanda bunu biruzə verməməyə çalışır. Bakı və Ağdam klubunun ilk qarşılaşmasında qolsuz bərabərlik qeydə alınmışdı.
 
Topaz Premyer Liqası
16-cı tur
8 dekabr
 
14:00. Qəbələ – Simurq
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Nail Nağıyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ şəhər stadionu.
 
16:00. AZAL – Rəvan
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı.  “AZAL Arena”.
 
17:00. İnter – Xəzər Lənkəran
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. “Şəfa” stadionu.
 
17:00. Sumqayıt – Bakı
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.
 
18:00. Qarabağ – Neftçi
Hakimlər: Vüsal Əliyev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
1 Neftçi 15 9 4 2 23 13 +10 31
2 Qarabağ 15 8 6 1 25 8 +17 30
3 Qəbələ 15 9 2 4 22 13 +9 29
4 İnter 15 7 2 6 25 19 +6 23
5 Bakı 15 6 3 6 25 17 +8 21
6 Simurq 15 4 7 4 12 12 0 19
7 AZAL 15 4 6 5 13 18 –5 18
8 XL 15 3 6 6 11 21 –10 15
9 Rəvan 15 1 6 8 8 26 –18 9
10 Sumqayıt 15 1 4 10 7 24 –17 7
 
Bombardirlər:
8 – Vaqif Cavadov (İnter)
6 – Əfran İsmayılov (Bakı)
6 – Mindauqas Kalonas (Bakı)
5– Reynaldo (Qarabağ)
5 – Baçana Sxadadze (İnter)
5 – Bahodir Nasimov (Neftçi)
5 – Nikolas Gelaşvili (Qarabağ)
5 – Leonardo da Silva (Qəbələ).
Shares: