Topaz Premyer Liqasının 16-cı turunda Tofiq Bəhramov adına Respublika stadionu Azərbaycan derbisinə səhnə olacaq. Futbolinfo.az xəbər verir ki, son 3 mövsümdə ardıcıl olaraq Azərbaycan çempionu adını qazanan "Neftçi" ondan 1 xal geri qalan "Qarabağ"ın qonağı olacaq.
 
Saat 18:00-da başlayacaq qarşılaşmanı FİFA referisi Vüsal Əliyev idarə edəcək. Əliyevə bu gərgin matçı idarə etmək üçün Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov kömək edəcək. Əlavə köməkçi hakimlər isə Ramil Əhmədov və Ramil Diniyev olacaq.
 
54-cü derbi
 
Topaz Premyer Liqasının  ən güclü komandalarında sayılan “Neftçi” ilə “Qarabağ” bütün Azərbaycan birinciliklərində çıxış etmiş yeganə klublardı. Bu üzdən sözügedən komandaların duellərinə Azərbaycan derbisi adının verilməsi də təsadüfi deyil. Hər iki komandanın çempionluğa iddialı olması görüşə marağı artıran amillərdəndi. Bu günə kimi komandalar milli çempionat çərçivəsində  53 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmalarda "Qarabağ" 15 qələbə qazandığı halda, bakılılar 17 dəfə meydanı 3 xalla tərk edib. Komandalar arasında keçirilən görüşlərdə 21 dəfə tərəflər meydanı sülhlə tərk edib. Komandalar arasında ən çox 0:0 hesabı qeydə alınıb (11dəfə). Xatırladaq ki, 1-ci dövrədə "Bakcell Arena"da baş tutan oyundan da qol səsi çıxmamışdı. Baş tutan qarşılaşmalarda "Neftçi" rəqib qapısına 51 qol vurubsa da, "Qarabağ" bunlardan yalnız 44-nün əvəzini çıxa bilib.
 
İlk dəfə komandalar məhz Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşıblar. Həmin görüşdən 21 il ötür. 26 sentyabr 1992-ci ildə baş tutan qarşılaşmada komandalar 1 xala razılaşıblar. İlk derbidə "Qarabağ" Zaur Qarayevin vurduğu qolla önə keçsə də, Ərani Beydiyev cavab qolu vuraraq tablodakı 1-lərin sayın bərabərləşdirib. Bu matça qədər tərəflər mərkəzi arenada 27 dəfə üz-üzə gəliblər.
 
"Qarabağ" evdə
 
Premyer Liqanın 15-ci turunu "Neftçi" 31 xalla lider olaraq, "Qarabağ" isə bir xal az toplayaraq ikinci yerdə başa vurub. "Qarabağ" bu mövsüm öz meydanında oynadığı 7 görüşün 4-nü qalib başa vurub. Bölgə təmsilçisi qalan matçların 1-də məğlub olub, digər 2-də isə sülh bağlayıb. Ağdamlılar sonuncu dəfə 5-ci turda AZAL qarşısında aciz qalıb. Qurban Qurbanovun yetirmələri sözügedən oyundan bəri məğlubiyyətin nə olduğunu bilmirlər. Evdə oynadığı qarşılaşmalarda rəqib qapılarına 14 dəfə yol tapan ağdamlılar, öz qapılarında 5 qol görüblər. Bu tura qədər "Qarabağ" ən böyük hesablı qələbəsini "Sumqayıt" üzərində qazanıb. İkinci turda "Bakcell Arena"da baş tutan oyunda ağdamlılar "kimyaçılar"ı 5:1 hesabı ilə darmadağın etmişdi.
 
"Neftçi" səfərdə
 
"Neftçi" isə bu qarşılaşmaya qədər 7 səfər matçı keçirib. Flaqman bu görüşlərin cəmi 3-dən qalib ayrılıb. Qarşılaşmaların 2-də heç-heçə edən "Neftçi" qalan 2 görüşdə isə meydanı məğlub tərk edib. "Neftçi" səfər qarşılaşmalarında qapısında gördüyü 8 qolun 7-nin cavabını verib. Flaqman bu tura qədər ən böyük hesablı qələbəsini "Xəzər Lənkəran" üzərində qazanıb. Bakılılar 2-ci dövrədə cənub təmsilçisini 4:1 hesabı ilə məğlub etməyi bacarmışdılar.
 
Cəzalı və zədəlilər
 
"Qarabağ"da  bir zədəli futbolçu var. Artıq 1 aydı zədə üzündən yaşıl meydanlardan kənarda qalan Admir Telinin durumu hələ də qeyri-müəyyəndi. Lakin son həftələrdə inamlı oyunu ilə yadda qalan Bədavi Hüseynovun bu matçda da albaniyalının yoxluğunu hiss etdirməyəcəyini güman etmək olar.
 
"Neftçi" də isə zədəli olmasa da, cəzalı futbolçu var. Bu, Denis Silvadı. Braziliyalı müdafiəçi 14-cü turda "İnter"ə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra "bankirlər"in futbolçusu Derlis Meza Kolliyə qarşı aqressiv hərəkətinə görə İK tərəfindən 3 oyunluq cəzalanıb. Bundan başqa "Neftçi"nin yarımmüdafiəçisi Falvinyo da həmin oyunda qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk etmişdi. İK-nın əvvəlki qərarına əsasən o, 2 oyunu buraxmalı idi. Lakin "Neftçi"nin müraciətindən sonra Flavinyonun cəzası 1 oyuna endirildi. Bu cəzanın da 15-ci turda "Sumqayıt"la oyunda bitdiyini nəzərə alsaq, Nazim Süleymanov bu vacib matçda ona ilk 11-də şans verəcək.
 
Dekabrda 3-cü duel
 
Bu vaxta qədər komandalar dekabr ayında cəmi iki dəfə üz-üzə gəliblər. Hər iki matç flaqmanın meydanında keçirilib. 11 dekabr 1996-cı ildə baş tutan qarşılaşmada komandalar qolsuz heç-heçəyə razılaşıblar. Komandalar bir də  8 il sonra, daha dəqiq 5 dekabr 2004-cü ildə qarşılaşıblar. Bu qarşılaşmada Bakı təmsilçisi öz meydanında 1:0 hesab ilə ağdamlılardan üstün olmağı bacarıb.
Qurbanov və Hüseynov
"Qarabağ"ın heyətində flaqmanın qapısına ən çox qol vurmuş futbolçu Müşviq Hüseynovdu. O, "Neftçi"nin qapı torunu 8 dəfə sirkələyib. "Neftçi"nin heyətində isə ağdamlıların qapısına ən çox yol tapan futbolçu Qurban Qurbanovdu. Maraqlısı ondan ibarətdi ki, adı çəkilən veteran futbolçular bu qarşılaşmanın canlı şahidi olacaqlar. Belə ki, "Qarabağ"ın baş məşqçisi Qurbanov, köməkçisi Müşfiq Hüseynovdu.
 
Bu mövsümün bombardirlər siyahısına nəzər saldıqda "Qarabağ"da Reynaldo və Nikolas Gelaşvilinin "Neftçi"də hüçumçusu Bahodir Nasimovu təklədiyinin şahidi ola bilərik. Hər üç futbolçu bu mövsüm hərəyə 5 dəfə fərqləniblər.
 
EMİN SƏFƏROV
Shares: