Futbol üzrə Azərbaycan 1-ci divizionunda mübarizə aparan "Araz Naxçıvan" debüt mövsümündə heç də pis təsir bağışlamır. Futbolinfo.az xəbər verir ki, Əsgər Abdullayevin çalışdırdığı komanda 12 turdan sonra 11 qələbə qazanıb və yalnız bir görüşdə heç-heçə edib. 34 xalla aşağı dəstədə lider olan Naxçıvan təmsilçisi bir neçə gün öncə də Azərbaycan Kubokunda "Simurq"u mübarizədən kənarlaşdırmaqla 1/4 finala vəsiqə qazanan yeganə 1-ci divizion klubu oldu. "Araz Naxçıvan"ın meneceri Tahir Əliyevlə söhbətləşməyimiz də komandanın məhz bu uğurları və gələcək planları ilə bağlı idi.
 
– Öncə "Araz Naxçıvan"ın hazırkı vəziyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik. Yəqin ki, komandanın çıxışından razısız…
– Komandanın vəziyyəti normaldı. Divizionda 1-ci yerdə gedirik. Məğlubiyyətimiz yoxdu. Qapımızdan ən az top buraxan komandayıq. Ən əsası da aşağı-yuxarı 30 komanda içərisindən ilk 8 ən yaxşı komanda sırasındayıq.
 
– 8 ən yaxşı komanda deyəndə Azərbaycan Kubokunu nəzərdə tutursuz?
– Bəli. Premyer Liqanın güclü komandalardan biri olan "Simurq"a qalib gəldik. Yaxşı oyunumuzla onları məğlub edə bildik. Yolumuza davam edirik.
 
– Dediniz 8 ən yaxşı komandadan biriyik. Növbəti mövsümdən elitada mübarizə aparsaz, komandada hansı dəyişikliklər olacaq?
– Hər transfer pəncərəsində yeni futbolçular cəlb olunur. Birinci dövrəyə yekun vurmağımıza az qalıb. Elitanı bir kənara qoyuram, bizim hələ ikinci dövrədəki oyunlarımız var. 15 çempionat və ən azı 2 kubok oyunumuz var ki, bu da ümumilikdə 17 oyun edir. Biz hələ ki, bu 17 oyunu fikirləşirik. Təbii ki, komandanı gücləndirmək üçün tədbirlər görüləcək. Yəqin ki, təlim-məşq toplanışına gedərkən komandaya yeni oyunçular cəlb oluna bilər. Bu da baş məşqçi Əsgər Abdullayevdən asılıdı. Bizim ən azı əvəzedici heyət, 19 yaşlardan ibarət komanda da olmalıdı. Biz bu işlər üzrə hazırlığı davam etdiririk. Hətta "Araz-2" adlı komandamız gələcəkdə bizim əvəzedici heyəti təmsil edəcək.
 
– Komanda təlim-məşq toplanışını harada və nə vaxt keçirəcək?
– Yanvar ayının 2-ci ongünlüyünə planlaşdırırıq. Çünki, bayramla əlaqədar komandaya istirahət veriləcək. Komanda təxminən yanvarın 5-də bir araya gələcək. Toplanışın ilk hissəsini ya Bakıda, ya da Naxçıvanda keçirmək istəyirik. İkinci hissəsini isə xarici dövlətlərin birində 10 günlük toplanış düşünürük. Əsasən, Türkiyə, Kipr və Yunanıstandan birinə üz tutacağıq.
 
– Qış transfer pəncərəsində əsasən hansı mövqelər gücləndiriləcək?
– Heyəti gücləndirmək üçün Əsgər Abdullayev siyahısında lazımı qədər futbolçu var. Buna Əsgər müəllim qərar verəcək. Düşünürəm ki, komandada ən azı 4-5 yeni futbolçu görəcəyik.
 
– Əsasən yerli, yoxsa legioner futbolçulara üstünlük veriləcək?
– Bizim komandanı yerli futbolçular təşkil edir və nəticə də var. Əgər bunlar lazım olan nəticəni verirsə, legioner nəyə lazımdı? Amma Premyer Liqaya vəsiqə qazandıqdan sonra düşünürəm ki, Əsgər müəllim hər hansı bir addım atacaq. Çünki əsas liqada heyətdəki futbolçuların sayı da çox olacaq.
 
– Hazırkı nəticəni nəzərə alsaq, Əsgər Abdullayevlə mövsüm sonunadək iş görüləcək. "Araz Naxçıvan" elitaya çıxacağı təqdirdə, yenə Abdullayevlə çalışacaq?
– Əsgər müəllim peşəkar futbolçu və mütəxəssis kimi çoxlarına lazımdı. Onunla yolumuzu davam etdiririk. Daha sonra nələrin olacağına rəhbərlik qərar verəcək.
 
– Stadionda hər hansı bir yenidənqurma işlərinin görülməsi düşünülür?
– 13 minlik stadionumuz var, əksər komandaların stadionundan yaxşıdı. Azərbaycan çempionatında rekord tamaşaçı sayı bizim oyunda olur. "Simurq"la oyunda 6 min azarkeş gəlmişdi. Deyərdim ki, elita klubları bu qədər azarkeş toplaya bilmir. Standard oturacaqlar, paltardəyişmə otaqları, iş otaqları yüksək səviyyədədi. Sadəcə, ot örtüyü məsələsi var ki, onu da yay fasiləsində bərpa etməyi düşünürük. Havalarla əlaqədar indi bir şey edə bilmirik.
 
– Sizcə, "Araz Naxçıvan" elita klubları ilə mübarizə aparacaq gücdədi?
– Mənim bütün komandalara hörmətim var. Premyer Liqanın turnir cədvəlinə nəzər yetirsək, "Araz"ı hazırda 5-ci, 6-cı pillədə görürəm.
 
– "Simurq"la oyundakı qələbəyə görə komanda mükafatlandırıldı?
– Mən Naxçıvana oyundan-oyuna gedirəm. Oyundan bir gün əvvəl və bir gün sonranı komandayla birgə oluram. Tam dəqiqliyi ilə deyə bilərəm ki, komandaya mükafat verilib. Ancaq məbləğin nə qədər olduğundan xəbərim yoxdu.
 
– Komandanız maliyyə baxımından Premyer Liqa klubları arasında neçənci sırada olar?
– Elitayla divizionun xərci bir deyil. Elitada oyunçu var ki, onun 200-500 min qiyməti var. Elə futbolçu da var ki, aya 30-40 min maaş alır. Bu suala cavab verməkdənsə, susmağı üstün tuturam (gülür)…
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: