Topaz Premyer Liqasının 16-cı turuna yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutdu və lider dəyişikliyi ilə əlamətdar oldu.
 
Turun ilk oyunu Qəbələdə keçirildi. "Qəbələ" doğma azarkeşlər önündə digər bir bölgə təmsilçisi "Simurq"la münasibətlərinə aydınlıq gətirdi. Bu qarşılaşmada Yuri Syominin komandası Georgi Çixradzenin yetirmələrindən üstün oldu. Qəbələ təmsilçisi oyunda 3 qol vursa da 2:1 hesablı qələbə qazandı. Belə ki, ev sahiblərinin heyətində Daniel Subotiç dubl etdisə, Amit Quluzadə komanda yoldaşı David Petrkeviçin qoruduğu qapıya yol tapmaq məcburiyyətində qaldı. Doğma meydanda qazanılan qələbə sayəsində "Qəbələ" turnir cədvəlinin ikinci pilləsinə yüksəldi.
 
Turun ikinci oyununda AZAL "Rəvan"ı qəbul etdi. İki təcrübəli yerli mütəxəssisin – Vaqif Sadıqovla Şahin Diniyevin komandası uğursuz seriyalara son qoymaq ümidində idi. Sadıqovun komandası 10 tur idi ki, qələbə qazana bilmirdi. "Aslanlar" isə Diniyevin gəlişindən bəri bu məşqçiylə çempionatda qələbə sevinci dadmamışdı. Düzdü, əvvəlki günlərdə kubok çərçivəsində "Rəvan" yeni baş məşqçisiylə qələbə qazanaraq, mərhələ adlasa da, çempionat görüşlərində eyni uğuru qazanmaq hələ ki, mümkün olmayıb. Yeri gəlmişkən, AZAL kubokda "Qarabağ"a uduzaraq mübarizəni dayandırdığından azarkeşlərinin gözü qarşısında yalnız qələbə qazanmaqla bəraət əldə edə bilərdi. Amma bu görüşdə hesabı qonaqlar açdılar. Vaxtilə AZAL-da çıxış etmiş Hüseyn Axundov keçmiş komandasını cəzalandırdı. Görüşün əsas vaxtının tamamına da məğlub durumda gedən "təyyarəçilər"in uduzacağı gözlənilən bir vaxtda səhnəyə Şəhriyar Rəhimov çıxdı. Axundov kimi, Rəhimov da keçmiş komandasını cəzalandırmış oldu. Özü də 1 yox, 2 qolla. Məhz sabiq "Rəvan"lının bu dublu AZAL-a uzun fasilədən sonra 3 xal sevinci yaşatdı. "Aslanlar"ın qələbəsizlik sindromu isə hələ də davam edir.
 
Növbəti oyunda "Sumqayıt" və "Bakı" klubları üz-üzə gəldi. Sumqayıt təmsilçisi qazanılan qələbə sayəsində autsayder pilləsindən xilas olacaqdısa, Milinko Pantiçin komandası 3 xal hesabına turnir cədvəlindəki mövqeyini möhkəmləndirəcəkdi. Bu oyunda da Qəbələdə keçirilən matçdakı hadisə təkrar olundu. Belə ki, paytaxt klubu oyunda 3 qol vurdu. Lakin qonaqları ilk qolunun sahibi Alvares öz qapısına da yol tapdı və qarşılaşma 1:2 hesabı ilə başa çatdı.
 
Sumqayıtda keçirilən matçla eyni vaxtda "İnter" – "Xəzər Lənkəran" qarşılaşması da start götürdü. Son turların uğuruna kubok qələbəsini də əlavə edən "bankirlər" oyunda iddialı görünürdü. Qarşılaşmanı maraqlı edən amillərdən biri də cənubluların baş məşqçisi Mustafa Dənizlinin Premyer Liqada debüt etməsi idi. Qarşılıqlı hücumlar şəraitində keçən matçda qalib müəyyən olunmadı. Qolsuz keçən oyunda komandalar hərəyə bir xalla kifayətləndi.
 
Turun və günün son oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutdu. Liderlik uğrunda mübarizədə "Qarabağ" "Neftçi" ilə qarşılaşdı. Ağdam təmsilçisi oyunun ilk dəqiqələrindən hücuma atıldı və 6-cı dəqiqədə bunun bəhrəsini gördü. Reynaldo Silva Karlos Kardoso və İqor Mitreskini keçərək topu Saşa Stamenkoviçin qoruduğu qapıya göndərdi. Komandalar fasiləyə bu hesabla da yollandı. Azarkeşlər ikinci hissədə daha maraqlı oyunun şahidi oldu. İkinci yarının əvvəlində Tərlan Quliyevin ötürməsini Karlos Kardoso qola çevirdi. Bundan cəmi 2 dəqiqə sonra Reynaldo Leroy Corcun ötürdüyü topu dəqiq zərbə ilə tora qovuşduraraq dubla imza atdı. Lakin bu oyunda vurulan son qol olmadı. Qurban Qurbanovun komandası yekun qolu penalti zərbəsindən vurdu. "Neftçi" müdafiəçilərinin cərimə meydançasında Reynaldoya qarşı hərəkəti penaltiyə səbəb oldu. Çumbinyo penaltini zərbəsini dəqiq yerinə yetirdi və komandasının 3-cü qoluna imza atdı. Stamenkoviç isə topa zərbə endirməyə hazırlaşan Çumbinyoya psixoloji təsir göstərsə də, qazancı sadəcə baş hakim Vüsal Əliyevdən aldığı sarı vərəqə oldu. Beləcə, qarşılaşma 3:1 hesabı ilə Ağdam klubunun xeyrinə başa çatdı. Nəticədə "Qarabağ" yenidən turnir cədvəlinin qızıl pilləsinə yüksəldi.
 
Topaz Premyer Liqası
16-cı tur
 
QƏBƏLƏ – SİMURQ – 2:1
Qollar: Daniel Subotiç, 52, 90+3 – Amit Quluzadə, 64-öz qapısına.
Sarı vərəqələr: İbrahima Niasse, 34 (qeyri-idman hərəkəti); Vladimir Levin, 45 (qeyri-idman hərəkəti); Elnur Allahverdiyev, 45+2 (qeyri-idman hərəkəti); Daniel Subotiç. 90+3 (qeyri-idman hərəkəti) – Draqan Çeran, 66 (hakimə etiraz); Anderson Oliveyra, 86 (qeyri-idman hərəkəti); Nicat Qurbanov, 89 (sistematik qayda pozuntusu).
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Nail Nağıyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə – 2 dəq.; II hissədə – 3 dəq.
8 dekabr 2013. Qəbələ. Şəhər stadionu. 1500 tamaşaçı.
 
Qəbələ: 27. David Petrkeviç, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev (4. Amiy Quluzadə, 46), 10. Dodo, 11. Yannik Kamanan (9. Viktor Mendi, 64), 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva, 88. Müşfiq Teymurov.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 3. Nikola Valentiç, 5. Sadiq Quliyev, 19. Abdulvahid Afolabi, 22. Assis Rodriqes.
Baş məşqçi: Yuri Syomin.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Anderson Oliveyra, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran (22. Salif Ballo, 68), 15. Stepan Polyak (4. Dilaver Zrnanoviç, 90+3), 18. Tural Axundov, 20. İdan Vaytsman, 28. Nenad Kiso, 30. Raul Kostin, 77. Nicat Qurbanov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizov, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 19. Orxan Səfiyaroğlu.
Baş məşqçi: Georgi Çixradze.
 
AZAL – RƏVAN – 2:1
Qollar: Şəhriyar Rəhimov, 90; 90+4 – Hüseyn Axundov, 50.
Sarı vərəqələr: Viktor İqbekoyi, 60 (qeyri-idman hərəkəti); Oskar Klava, 90+2; Ruslan Məcidov, 90+3 (qeyri-idman hərəkəti) – Ceyhun Cavadov, 30 (qeyri-idman hərəkəti); Novruz Məmmədov, 55 (fitdən sonra topa zərbə); Mişel Balokoq, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə – yoxdur; II hissədə – 4 dəq.
8 dekabr 2013. Bakı. "AZAL Arena". 200 tamaşaçı.
 
AZAL: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 7. Cavid Tağıyev (3. Aleksandr Şemonayev, 68), 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İqbekoyi (k) (21. Rey Məmmədbəyli, 90+4), 18. Samuel Barlay (30. Yuri Fomenko, 55), 22. Ruslan Tağızadə, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 6. Natiq Kərimi, 25. Adil Nağıyev, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Vaqif Sadıqov.
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 6. Ceyhun Cavadov (9. Elnur Abdulov, 76), 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k), 19. Hüseyn Axundov (89. Vüsal Qarayev, 87), 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 30. Cəmşid Məhərrəmov, 33. Sohib Savankulov, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Frederik Holster, 11. Kamil Nurəhmədov, 16. Orxan Lalayev, 23. Kristian Torres.
Baş məşqçi: Şahin Diniyev.
 
SUMQAYIT – BAKI – 1:2
Qollar: Mario Alvares, 63-öz qapısına – Mario Alvares, 5, Aleksandar Şoliç, 49-pen.
Sarı vərəqələr: Vurğun Hüseynov, 43 (qeyri-idman hərəkəti); Elşən Abdullayev, 83 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 89 (qeyri-idman hərəkəti) – Aleksandar Şoliç, 52 (qeyri-idman hərəkəti); Lukas Horvat, 73 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Ruslan Qurbanov, 90+2 (hakimi təhqir etdiyinə görə).
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 3 dəq.
8 dekabr 2013. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 500 tamaşaçı.
 
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Kərim Diniyev (11. Ruslan Nəsirli, 80), 7. Pərdis Fərcad-Azad, 9. Orxan Əliyev, 10. Ruslan Qurbanov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzağa Hüseynpur, 86. Elşən Abdullayev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 15. Nodar Məmmədov, 25. Fərid Kərimzadə, 27. Nurlan Novruzov, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Aqil Məmmədov.
Bakı: 25. Elxan Əhmədov, 3. Yure Travner, 4. Mario Alvares, 5. Ruben Qonzales, 11. Rauf Əliyev (k), 12. Etto, 17. Risto Ristoviç (10. Aleksandar Şoliç, 37), 20. Mindauqas Kalonas (15. Alberto Noquera, 76), 21. Elvin Məmmədov, 23. Lukas Mario Horvat, 30. Vüqar Bəybalayev (34. Şəhriyar Əliyev, 69).
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 2. Deyvidas Çesnauski, 8. Cavid Hüseynov, 22. Namiq Ələsgərov.
Baş məşqçi: Milinko Pantiç.
 
İNTER – XƏZƏR LƏNKƏRAN – 0:0
Sarı vərəqələr: Derlis Meza Kolli, 74 (qeyri-idman hərəkəti) – Adrian Pit, 19 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə – yoxdur; II hissədə – 3 dəq.
8 dekabr 2013. Bakı. “Şəfa” stadionu. 3500 tamaşaçı.
 
İnter: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili, 11. Asif Məmmədov (19. Sezar Meza Kolli, 72), 14. İlqar Ələkbərov, 20. Brüs Abdulay, 33. Matiya Spiçiç (21. Arif Daşdəmirov, 71), 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 13. Mirsahib Abbasov, 18. Mansur Nəhavəndi.
Baş məşqçi: Kaxaber Sxadadze.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit (8. Edu Oriol, 85), 18. Tural Cəlilov, 20. Etame Mbilla (12. Junior Nildo, 84), 21. Radomir Todorov, 27. Adrian Skarlatake (11. Zohair Benuahi, 46).
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 17. Kazım Kazımlı, 22. Deyvid Sakkoni, 23. Nikola Qliqorov.
Baş məşqçi: Mustafa Denizli.
 
QARABAĞ – NEFTÇİ – 3:1
Qollar: Reynaldo Silva, 6; 58, Çumbinyo, 74-pen – Karlos Kardoso, 56.
Sarı vərəqələr: Reynaldo Silva, 45+1 (qeyri-idman hərəkəti); Qara Qarayev, 60 (qeyri-idman hərəkəti); Rəşad Sadıqov, 79 (qeyri-idman hərəkəti); Namiq Yusifov, 82 (qeyri-idman hərəkəti) – Erik Ramos, 10 (qeyri-idman hərəkəti); Bruno Bertuççi, 44 (qeyri-idman hərəkəti); İqor Mitreski, 69 (qeyri-idman hərəkəti); Saşa Stamenkoviç, 73 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 3 dəq.
8 dekabr 2013. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 1500 tamaşaçı.
 
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (18. İlqar Qurbanov, 85), 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 10. Muarem Muarem (17. Vüqar Nadirov, 62), 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 41. Corc Leroy (99. Nikolas Gelaşvili, 79), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 11. Ulrix Kapolonqo, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. İqor Mitreski (11. Melvin Platye, 80), 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 10. Cavid İmamverdiyev (4. Tərlan Quliyev, 46), 14. Bahodr Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi (90. Ernest Nfor, 46), 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Nazim Süleymanov.
 
1 Qarabağ 16 9 6 1 28 9 +19 33
2 Qəbələ 16 10 2 4 24 14 +10 32
3 Neftçi 16 9 4 3 24 16 +8 31
4 İnter 16 7 3 6 25 19 +6 24
5 Bakı 16 7 3 6 27 18 +9 24
6 AZAL 16 5 6 5 15 19 –4 21
7 Simurq 16 4 7 5 13 14 –1 19
8 XL 16 3 7 6 11 21 –10 16
9 Rəvan 16 1 6 9 9 28 –19 9
10 Sumqayıt 16 1 4 11 8 26 –18 7
 
Bombardirlər:
8 – Vaqif Cavadov (İnter)
7 – Reynaldo (Qarabağ)
6 – Mindauqas Kalonas (Bakı), Əfran İsmayılov (Bakı), Daniel Subotiç (Qəbələ).
5 – Baçana Sxadadze (İnter), Bahodır Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ), Leonardo da Silva (Qəbələ) – 5 qol.
Shares: