El arasında belə bir deyim var: Doşab aldım, BAL çıxdı. Təəssüf ki, Azərbaycan futbolunda nəinki doşab, hətta bal problemi var. Çünki nə yığma, nə də klub səviyyəsində dünya futbolunda öz sözümüzü demişik, nə də müstəqillik dönəmində dünyada hansısa futbolçumuzla öyünə bilmişik. Bu müddət ərzində tısbağa kimi qınımıza girib yerimizdə saymışıq.
 
Futbolumuzda inqlab dövrü yaşandıqdan sonra klublarımız qismən varlananda dirçələcəyimizə ümid etsək də, pul bizə yenə də başı ucalıq gətirmədi. Klublarımız avrokuboklarda 1-2 mərhələ adlamaqla başımızı aldatdısa, futbola sərmayə yatıran milyonçularımız quru vədlərlə yadda qaldı. Belə milyonçularımızdan biri də Hafiz Məmmədovdu.
 
Vaxtıyla "Dinamo" adlanan klubu himayəsinə görürərək onun adını "Bakı"ya dəyişən Məmmədov öncə "doşab istehsalı"na başladı. Məqsədi isə bu doşabı bala çevirmək idi. Alındımı? "Bakı" doşaba çevrilmədi, amma süni şəkildə pətək yaradıb BAL-ı ərsəyə gətirdi. Elə indi bu BAL-ın tərkib hissəsindən danışmalı olacağıq.
 
Bə zəbər bə
 
Əslində, Məmmədovun daim axtarışda olması və müxtəlif modelləri "Bakı"ya calaması hardasa müsbət məqam kimi görünə bilərdi. Amma futbol elə bir oyundu ki, Nizami demişkən, burada kamil bir palançı olmaq, yarımçıq papaqçılıqdan daha üstündü. Hafiz bəy isə hər sistemdən bir az götürüb "Bakı"nı qədim adı kimi "Badukubə"yə, yəni küləklər şəhərinə çevirdi.
 
Əvvəllər bu komandada Andre Ladaqa və Leandro Qomeşin simasında Cənubi Amerika küləyi əsirdi. Daha sonra Qyoko Hacievskinin əsdirdiyi külək sayəsində bir qədər sabiq Yuqoslaviya ab-havası hökm sürdü. Düzü, elə indi də Bojidar Bandoviç və Milinko Pantiç kimi məşqçilərlə "Bakı" həmin istiqamətdən havanı bura sovurur. Ancaq bu dəfə yel İspaniya tərəfdən əsir. Komanda ispan modeliylə oynamağa çalışır ki, bunu da biz yalnız dildə eşidirik. Bu "Bakı" ispan futbolu oynayırsa, onda düşünmədən ispanların oyununa "Yupiter futbolu" deməliyik.
 
Bəli, göründüyü kimi, "Bakı"nın bala çevrilmə mexanizmi işə yaramadı. “Böyük “Bakı” layihəsi” söz olaraq qaldı, komanda qrup mərhələsi nədi, həmin vaxtdan heç avrokuboklara belə yüksələ bilmədi. Deməli, bu məhsulu ərsəyə gətirmək üçün Azərbaycan hüdudlarını aşmaq lazım idi. Məmmədov da böyük canfəşanlıqla arılarını İspaniyaya "Atletiko" üzərinə qonmağa göndərdi. Deməli, bal əldə etmək üçün ilk 2 hərf hazır vəziyyətdə dayanıb: yəni "Bakı" və "Atletiko".
 
Bir de görüm A…
 
Düzü, Hafiz bəyin "Bakı" və "Atletiko" layihəsini tərəzinin eyni gözünə qoymaq düzgün olmazdı. "Bakı" adıçəkilən biznesmenin hardasa qan ifraz edən qara ciyəri saylmalıdısa, "Atletiko" nəfəsini dünyaya hiss etdirmək üçün ağciyər funksiyası daşımalıydı. İspaniyaya da ancaq reklam məqsədiylə sirayət etmək olardı. Amma Məmmədov dünya futbol tarixinə yeni bir reklam loqosu gətirməklə hamını təəcübləndirdi.
Biz adətən futbolçularının sinəsinin üstündə bank, sığorta və ya texniki avadanlıq şirkətinin reklamını görürdüksə, Məmmədov özündən Amerika yox, Azərbaycan kəşf etdi. Buyurun, bu da sizə "Land of fire Azerbaijan". Odda yanmaz və suda batmaz kimi bir layihə!
 
Əlbəttə, bir azərbaycanlı kimi bu, bizə xoş gələ bilər. Amma təsəvvür edin ki, "Valensiya"nın formasında "Banqladeş" və ya "Sevilya"nın "sinə"sində "Malayziya" loqosu həkk edilib. Belə yerdə Yaşar Nurinin "Ac həriflər" teletamaşasında "hə, noolsuuun" sözünü işlətməkdən başqa adama heç nə qalmır.
 
Məsələ ondadı ki, Hafiz bəy quru Azərbaycan adının da reklam olunmasının mənasızlığını anlayıb bir başqa unikal loqo ilə ön plana çıxdı: “Bakı 2015". Adama deyərlər, bu da onun tayı. Siz nəvaxtsa hansısa bir futbol komandasının formasının üzərində "Soçi 2014", "Rio de Janeyro 2016" və ya "Tokio 2020" görmüsüz? Yaddaşınızı qurdalamayın və özünü yormayın! Belə bir hal nə olub, nə də olacaq! Çünki bütün layihələr artıq həyata keçib. Rusiyanın Soçini, Braziliyanın Rio de Janeyronu və Yaponiyanın Tokionu reklam etməyinə ehtiyac yoxdu. Adətən belə bir addımla namizəd ölkələr yadda qala bilər ki, onun da hələ biz şahidi olmamışıq. 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarının təşkilatçılıq hüququ Bakıya verilibsə, onu yalandan reklam etməyin mənası nədi? Hələ mən yuxarıda dünya idman ictimaiyyətinin maraqla gözlədiyi Olimpiadalardan danışdım. Kimə lazımdı Avropa Oyunları? David Vilya və ya Arda Turan kimi oyunçuları reklama çəkib Bakıda keçiriləcək "idman festivalı"nı reklam etmək gözə kül üfürmək kimi bir şeydi. Onsuz da "Atletiko" belə saxta reklamlarla gündəmə gəlməyə öyrəşib. Bu klubun prezidenti Enrike Serezo kino "maqnat"ı olduğundan vaxtıyla sahibi olduğu kinoteatrda həftə boyunca göstəriləcək filmləri reklam etdirirdi. Biz də bir həftə "Atletiko"nun formasında "Terminator", bir həftə də "Drakula" yazılarını görürdük. İndi də bu komanda coğrafiyasını genişləndirib Azərbaycan və "Bakı"dan dəm vurur.
 
Yox, ürəyim hələ soyumayıb. Çünki ötən mövsümün sonlarına yaxın Bakıya təşrif buyuran, əvəzində Falkao, Dieqo Koşta və Arda Turan kimi oyunçuları ehtiyat oyunçular skamyasında əyləşdirib "Bakı"ya qarşı ikinci heyətlə oynayan "Atletiko"nun saymazyanalığından danışmıram. Azarkeşlərin başını "Atletiko"nun əvəzedici heyətdən ibarət oyunçularının çıxışıyla aldatmaq lazım deyildi. "Atletiko"nun Hafiz Məmmədova və ya Azərbaycan xalqına hörməti budu? Yadıma rəhmətlik Hacıbaba Bağırovun tamaşalardan birində səsləndirdiyi replika düşdü: haram olsun sənə, mənimlə yediyin peraşkilər. "Atletiko"nun ulduzlarını canlı izləyə bilməyəcəyiksə, boğazımızdan kəsilib İspaniyaya gedən pullarımızı sizə halal etmirik!
 
Hə, mus-mus deyib Mustafaya keçməyin, yanı BA hissəciyinə  L  hərfini də bitişdirib BAL-ı ortaya gətirməyin vaxtıdı. O başqa məsələ ki, halva-halva deməklə ağız şirin olmadığı kimi, hərf yığınından BAL yarada bilməyəcəyik. "Bakı" və "Atletiko" Azərbaycan futboluna nə verdi ki, "Lans" da dərdimizə məlhəm olsun? Hə, indi də keçək "Lans"a…
 
BalacaLans və balacalal
 
Əslində, ölkədən kənarda bir klubun səhmlərini ələ keçirmək pul qazanmaq istəyən bir biznesmen üçün əla vasitədi. Ərəblərin MS və PSJ, Roman Abramoviçin "Çelsi", Dmitri Rıbalovlevin "Monako"nun səhmlərini alması həmin şəxslərin ən azı dünyada məşhurlaşmasına sübutdu. Bunu qəbul etməliyik ki, Hafiz Məmmədovun "Bakı"dan xeyir götürməcəyi fonunda "Lans"dan nəsə qazanacağı daha inandırıcıdı. "Sarı-qırmızılı" klubun maliyyə böhranıyla üzləşdiyi məqamda Hafiz bəyin 20 milyon dollarından keçərək klubun azarkeşləri üçün ağ atlı oğlana çevrilməsi ən azı onun Fransada məşhurlaşmasına  xidmət edə bilərdi. Gələcəkdə "Lans"ın Məmmədovu maliyyə cəhətdən irəli salacağını deyə bilməsəm də, hələ ki, fransızların ondan yaxşı istifadə etməsi göz önündədi. Bu klubun azarkeşlərinin azərbaycanlı biznesmenin şəninə nəğmələr oxuması, 2 jurnalistə 16 min avroluq saatın bağışlanması, üstəlik Fransa mətbuatının məzhəkə dolu yazıları adama xoş gəlmir. Hafiz Məmmədova yeni Napoleon adı qoyan fransızlar onun 7 mobil telefondan istifadə etməsi, 5 zirehli "Mersedes"də gəzməsi, üstəlik 18 cangündənlə addımlamasına sanki bir ekzotika kimi baxırlar. Vaxtıyla Aleksandr Düma Azərbaycana səfər edib ölkəmizdə gördüklərini yazıya köçürüb fransızları sözün yaxşı mənasında əyləndirmişdisə, Hafiz bəy də Fransaya gedib dahi yazıçının ədəbi cığırına biznes layihəsiylə möhür vurdu. Amma inanın, bundan Azərbaycan futboluna bir qara qəpik də düşməyəcək. Vaxtıyla Vladimir Roman "Harts"ı almaqla litvalı futbolçuları Şotlandiyaya  daşıyıb Avropanın qapılarını onların üzünə açmağı bacardısa, Məmmədovun amacı bizim futbolçuları ora dartmaq deyil. Hələ ki, biz bunu görmürük. Yəqin, Məmmədov Fransadakı ayranını turş etmək fikrində deyil. Görünür Avropaya çıxdıqdan sonra başa düşüb ki, məşhur meyxanada deyildiyi kimi, "bu baş başqa başdı, o baş başqa baş". Bizim futbolçularda "çaşka başdısa", fransızlarda "loşka başdı". Belə çıxır ki, malı mala qatmaq olmaz.
 
Hələ ki, Hafiz bəy bizim başımızı "Bakı"nın yeniyetmələrdən ibarət komandasını Fransaya aparıb "Lans"ın "Yaşıl eynəkli adam" teletamaşasında Qarikin dediyi kimi, "balacalal"ı ilə oynadır. Orda da təbii kimi, "Lans"lı "balacalal" azərbaycanlı həmyaşıdlarına "tabutçik" düzəldib geri göndərir. Yaxşı, 15:0-lıq darmadağına "tabutçik" deməyib, başqa nə deyək? Fransada bizim uşaqları gör nə qədər pis günə qoyublar ki, hesabı "Bakı"nın saytına belə yazmayıblar.
 
Deyirəm, bu gedişlə Hafiz bəy "Lans"dan ilhamlanıb gələcəkdə "Lanus"u da ala bilər. Azərbaycan Cənubi Amerikada da bir komandayla təmsil olunar. "Bakı"da təcrübəsiz Pantiçə iş verdilərsə, yəqin ki gələcəkdə məşqçi olmaq istəyən Leandro Qomeş Məmmədovun sayəsində bir komanda çalışdırar. Axı, onun hər üç komandada əsl futbol layihələri həyata keçirmək istəyi alınmır. Xərclənən pulların qarşılığı olmayınca bu, daha çox yalançı şouya bənzəyir. Əvvəllər buna dövlətin layihəsi donu geyindirməyə çalışırdılarsa, indi bəlli olur ki, belə deyilmiş. Hətta bildiyimizə görə, Məmmədovdan havaya sovrulan pulların hesabatı da sorulub. Çünki bu layihələr heç bir effekt vermir, pul isə axıb gedir. Məmmədov öz pulunu da xərcləmir, özününkü olsaydı, ölkə mətbuatına olan reklam borclarını ödəyər, “Bakı”da maaşların gecikdirilməsi problemləri tez-tez üzə çıxmaz, adını çəkmək istəmədiyim ölkə banklarının birində kreditlərin həcmi artmazdı.
 
Hə, necədi, yaxşı BAL alındı? Adını mən verdim, dadına siz baxın!
 
AĞA
Shares: