Gözlənildiyi kimi FİFA 2013-cü ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl Top”a son 3 namizədin adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, noyabrın 29-dək milli komandaların baş məşqçiləri və kapitanları arasında aparılan səsverməyə əsasən, ilk 3 pillədə qərarlaşan futbolçular proqnozlaşdırıldığı kimi Kriştianu Ronaldo, Lionel Messi və Frank Riberi olub.
Müvafiq olaraq Portuqaliya, Argentina və Fransa yığmalarının şərəfini qoruyan bu 3 futbolçu ilin ən yaxşısı adı uğrunda mübarizə aparmağa haqq qazanıb.
Son 4 ildə "Qızıl Top"a sahib çıxan “Barselona”nın ulduzu Messi bu il də sözügedən mükafata layiq görülsə, 5-ci dəfə uğura imza ataraq özünə aid olan rekordu yeniləyəcək.
Madrid “Real”ının lideri Ronaldo mükafatı qazanarsa, 2008-ci ildən bu yana ilk dəfə "Qızıl Top"a sahib olacaq.
“Bavariya”nın as oyunçusu Riberi birinci olacağı təqdirdə isə karyerasında bir ilk yaşayacaq. O, eyni zamanda Zinəddin Zidandan (1998) sonra bu uğura imza atan ilk fransız futbolçu olacaq.





