Azərbaycan futbolu.. Bu ifadə səslənən zaman insan özündən asılı olmayaraq gülməyə başlayır.. Məhşur filmdə dediyi kimi, "əvvəli gülməli, axırı ağlamalıdı".
Əslində, mən lağ mənasında gülmürəm. Sadəcə, əsəbdən gülürəm. Bizim futbolumuz Sakit okeanda hər tərəfi dəlik-deşik olmuş balaca bir qayığı xatırladır. Adam bilmir ki, bu qayığın hansı qayğısına qalsın. Dəlik-deşik olmasına baxmayaraq, bu qayığın suda qalmasının özü də böyük şeydi.
Futbolumuzda o qedər problemlər var ki, adam bilmir hansından yazsın. Özümü nəzərdə tutmuram. Yaxşı futbol yazarı olsa, vallah ömrü boyu ac qalmaz. Futbolumuzdan o qədər yazılası şeylər var ki! Topaz Premyer Liqasında tox olarsan ki, ac qalmazsan. Ancaq indiki dövrdə azarkeşlər futbola, futbolumuz da azarkeşə acdı.
Topaz Premyer Liqasının 16-cı turu başa çatdıqdan sonra baş tutan qarşılaşmalara gələn azarkeşlərin sayına nəzər saldım. Azarkeşlərin saylarını vurdum, böldüm, topladım, çıxdım. Alınan rəqəm isə ürək ağrıdır. Cəmi 7200 nəfər. 15-ci turda isə azarkeş sayı 8050 nəfər təşkil edirdi. Azərbaycan əhalisinin 9 milyon olduğunu nəzər alsaq, bu, heç 0,01 faiz etmir.
Statistikaya nəzər yetirsək, burada "Xəzər Lənkəran" azarkeşlərinin açıq-açkar üstünlük təşkil etdiyini görərik. Cənubluların son 2 oyununu 8000 azarkeş izləyib. Bu da son iki turun azarkeş sayısının yarıdan çoxunu təşkil edir.
Bu statistikaya əsaslanaraq demək olar ki, klublarımız azarkeş sarıdan problem yaşayır. Daha doğrusu, Sumqayıtda, Lənkəranda ciddi problem yoxdu. Gəncə elitada təmsil olunanda isə hər turun azarkeş rekordu adətən “Kəpəz”in adına yazılırdı. Amma paytaxt klubları…
Burada azarkeşlərdən çox klubları günahlandırmaq daha doğru olar. Çünki klubların əksəriyyətinin sanki stadiona azarkeş cəlb olunmasına marağı yoxdu. Xarici ölkə çempionatlarında oyunların reklamı və afişaları matça bir neçə gün qalmış işıq üzü görür. Bizdə isə afişalardan ancaq bölgə klubları istifadə edir. Paytaxtda fəaliyyət göstərən klublar oynayacaqları qarşılaşmaların heç bir reklamını aparmadıqları üçün azarkeş baxımından əziyyət çəkirlər. Vaxtilə Premyer Liqa təmsilçiləri stadion yetərsizliyindən əziyyət çəkirdisə, indi "12-ci oyunçu"nu tapmaq müşkül məsələyə çevrilib. Halbuki klublar oyunların afişasını vaxtında hazırlayıb şəhərin müxtəlif yerlərindən assa, inanın ki, məsələn, son turun “Qarabağ” – “Neftçi” görüşünə heç olmasa, 5 min azarkeş cəlb etmək olardı.
Bu problemi necə aradan qaldırmaq olar? Saytımıza açıqlama verən bir neçə klubun rəsmilərinin fikrini öyrənməyə çalışdıq.
Rəşad Məmmədov, "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri: "Biz hər ev oyunumuz üçün afişalar sifariş veririk. Demək olar ki, bizim azarkeş baxımından problemimiz yoxdu. Sağ olsunlar azarkeşlərimiz, bizi hər oyunda dəstəkləyirlər. Ötən həftə protokolda 500 nəfər göstərilsə də, azarkeş daha çox idi. Statistikaya nəzər salsaq, ölkədə ən çox azarkeş ordusuna malik olan "Xəzər Lənkəran"dan sonra ən çox azarkeşi "Sumqayıt"ın oyunlarında görərik. Hazırda oyunlarımızı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun süni örtüklü meydançasında keçiririk. Bu stadionun tutumu isə 1320 nəfərlikdi. Bizim hər oyunumuza da 1000 nəfərə yaxın azarkeş gəlir".
Elvin Yaqubov, "Rəvan"ın mətbuat xidmətinin rəhbəri: "Ev oyunlarımızdan bir necə gün qabaq, azarkeşləri stadiona səsləmək üçün afişalar vururuq. Havanın soyuq olması azarkeşlərdən də yan keçmir. Son həftələrdə nəticələrimizin zəif olması azarkeşləri komandadan soyuda bilər. Komandamızın yaxşı nəticə göstərdiyi vaxtlarda 1000 nəfərə yaxın azarkeşimiz olub. Azarkeşlərin stadiona cəlb olunması üçün fan-klub rəhbərləri mütamadi olaraq görüşlər keçirirlər. Çalışırıq ki, stadionda azarkeş daha çox olsun. Azarkeş futbolun gözəlliyidi”.
Səbuhi Məmmədov, "İnter"in mətbuat xidmətinin rəhbəri: "Bizdə adətən reklam afişası müəyyən müddətə vurulur. "Şəfa" stadionunda normal şərait var, komandalar da yaxşı oyun nümayiş etdirirlər. Dəqiq bir fikir bildirmək çətindi. Zənnimcə, bu, məsələni ciddi və ətraflı araşdırmalıyıq. Azarkeşlərin stadiona cəlb olunması üçün bir çox sosial və təbliğat xarakterli tədbirlər həyata keçiririk. Ancaq hələlik istədiyimiz sayda azarkeşi stadiona cəlb edə bilməmişik”.
Asif Əsgərov, "Qarabağ"ın meneceri: "Ümumi götürsək, futbola maraq var. Azarkeşlərin çoxu düşünür ki, matçı televizorda veririlərsə, elə oturub evdə baxım. Azərbaycanda stadionların şəraiti əvvəlki 5 ilə nisbətən çox dəyişib. Zaman keçdikcə daha da düzəlməyə doğru gedir. Bilet də satmırıq ki, desinlər oyun pulludu. "Qarabağ" – "Neftçi" kimi oyunda toplasan, heç 2000 azarkeş yox idi. Bu cür Avropa səviyyəsində oyuna azarkeş az gəldi. Bir məsəl var: "Hamı ver-ver deyir, ancaq özün bir iş gör deyəndə heç kim irəli atılmır". Hər kəs danışır, iş görməyə gəldikdə kənara çəkilir. Hər kəs fikirləşməlidi ki, mən də gedim komandama dəstək olum. Avroliqa oyunlarımızda hər kəs gəlib pulsuz bilet istəyir. Çempionatda isə biletlərə 1 manat qiymət qoymuşuq. Bu da məcburiyyətdən irəli gəlir. Çünki UEFA-nın tələblərinə görə pulsuz bilet verilə bilməz. Özüm də daxil olmaqla futbola baxış bucağımızı dəyişsək, futbol daha maraqlı olar. "Qarabağ" – "Neftçi" oyunu dolu tribunalar önündə olsa idi, atmosfer tamam fərqli olardı. Azarkeşlər sağ olsun ki, gəldilər, stadionun boşluğun hiss etdirmədilər. "Qarabağ" futbol klubu olaraq, azarkeşlərin stadiona cəlb olunması üçün hər kəsin ağlına gələn, ən yaxşı nə varsa, onu da edirik”.
Doğrusu, klub rəsmiləri elə danışdı, mənə də elə gəldi ki, ayda yaşayırmışam. Çünki Bakıda 1-2 stadionun üzərinə vurulan afişaları nəzərə almasaq, heç bir yerdə təbliğat, azarkeşləri futbola səsləmək xarakterli nəyəsə rast gəlməmişəm. “Neftçi” böyük azarkeş kütləsini çoxdan itirib, digər paytaxt klubları isə nəsə iş görmür. Lap elə Bakıda məskunlaşan “Qarabağ”ı götürək. Bu komanda ağdamlıları oyunlarındaa görmək istəyirsə, məcburi köçkünlərin məskulaşdığı yerlərdə oyunun afişasını vurmalıdı, stadionun qarşısında yox. Çünki stadiona gələn adama artıq orada afişaya baxmaq lazım deyil. “İnter” vaxtilə məskunlaşdığı Zabratda, “Bakı” Biləcəri ətrafında, “Rəvan” Bayılda, AZAL Şüvəlanda 2-3 min tərəfdar yığa bilmirsə, bu, həm də klubun problemidi. Düzgün marketinq siyasəti olmayan klublarımız boş tribunalar önündə futbol oynamağa məhkumdu. Lənkəran, Zaqatala və ya Qəbələyə gedəndə bu şəhərlərin küçələrinə də baxın – o zaman onların ev oyunlarında azarkeş sayının niyə nisbətən çox olmasının səbəbini anlayacaqsız. Bakı klubları ona görə belə durumdadı ki, “istehsal etdikləri məhsulu” reklam da edə bilmirlər, ona görə də oyunlarını yalnız klub rəhbərliyi, futbolçuların qohumları, bir də jurnalistlər izləyir. Bu isə o deməkdi ki, klublar sanki özləri azarkeşləri komandadan uzaq saxlayırlar.
Yaxşı xatırlayıram, "Qarabağ" Avropa Liqanın ikinci təsnifat mərhələsinin, ilk oyunu çərçivəsində Bakıda Polşanın "Piast" klubunu qəbul edirdi. Bu qarşılaşmaya azarkeş marağının çox olduğunu düşünərək, dostlarımla mərkəzi arenaya oyunun başlama vaxtından saatyarım tez getmişdik. Stadionun qarşısına çatar-çatmaz azarkeş izdihamının şahidi oldum. Dostlarla söhbət edərkən kənardan bir cavan oğlan yaxınlaşdı.
– qardaş, bir dəqiqə olar sizi?
– əlbəttə, buyur.
– mən 17-ci sektora bilet almışam, ancaq bir problem var.
– problem nədədi?
– İkinci hissədə komandalar yerlərini dəyişəndə biz də eynisin etməliyik axı…
Bu, gülməli görünsə də, acınacaqlıdı. Klublarımız azarkeş mədəniyyətinin formalaşması üçün də müəyyən tədbirlər həyata keçirməli, təbliğat aparmalıdı. Orta məktəb uşaqlarına 1 manat verib stadiona dəvət etməklə azarkeş mədəniyyəti formalaşan deyil. Futbolumuzun inkişafı üçün lütfən daha ciddi tədbirlər həyata keçirin.
EMİN SƏFƏROV





