Ötən gecə Çempionlar Liqasının B qrupunda baş tutan "Qalatasaray" – "Yuventus" matçı təxirə salınıb. Futbolinfo.az xəbər verir ki, buna İstanbula kəskin qarın yağması səbəb olub.
Oyunun ilk dəqiqələrində havanın tempraturu -3 dərəcə olsa da, qarın yağması müşahidə olunmurdu. Ancaq 28-ci dəqiqədən sonra qar öz şiddətini artırıb. Əvvəlcə ağ rəngli top qırmızısıyla əvəz olunub. Bunun da bir fayda vermədiyini görən oyunun baş hakimi Pedro Proenso matçı 33-cü dəqiqədə dayandırmalı olub. Stadionun işçiləri qazonu qardan təmizləməyə çalışsa da, hakim oyunu davam etdirmək istəməyib və nəticədə görüş təxirə salınıb.





