Dünən Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray" – "Yunvetus" matçının təxirə salımasının ardından qonaq komanda xoşagəlməz hadisə ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, matçdan sonra birbaşa İtaliyaya qayıtmağı planlaşdıran "Yuventus"un oyunçuları və məşqçilər heyəti oyunun keçiriləcəyi stadiona gələrkən qaldıqları oteldən birdəfəlik çıxış edib.
Lakin hava şəraitinə görə matç bu günə təxirə salındığından Turin təmsilçisi daha bir gecə İstanbulda qalmalı olub. Di gəl ki, “qoca sinyora”nın üzvləri qaldıqları otelə gedəndə otaqların başqa müştərilərlə dolu olduğunu görüb. Komanda iki saat avtobusun içində gözlədikdən sonra "Qalatasaray" nümayəndələrinin səyi ilə İtaliya klubunun üzvləri başqa bir otelə yerləşdirilib.
Qeyd edək ki, dünən təxirə salınan "Qalatasaray" – "Yuventus" matçı bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.





