Con Toşakın “Xəzər Lənkəran”ı çalışdırdığı dövrdə uğursuzluq səbəbindən bir neçə futbolçu komandadan göndərildi. Futbolinfo.az xəbər verir ki, bunlarda biri də xorvatiyalı yarımmüdafiəçi Roberto Alviz idi.
İntizamsızlıq səbəbindən komandadan göndərilən yarımmüdafiəçi Qazaxıstanın “Atırau” klubuna keçsə də, müqaviləsinin müddəti başa çatdığından oradan da ayrılıb. Hazırda vətənində istirahətdə olan futbolçu ilə əlaqə saxladıq. Alviz saytımıza müsahibəsində "Xəzər Lənkəran"la bağlı xatirələrini danışdı:
– Hazırda hardasan?
– Xorvatiyada. 5 gün öncə vətənimə qayıtdım.
– Niyə?
– "Atırau" ilə müqaviləmin müddəti başa çatdı. Artı klubu tərk etmişəm. Onlarla cəmi 6 aylıq müqavilə imzalamışdım.
– İndi nə etmək fikrindəsən?
– Hələ ki, dincəlirəm.
– Hələ ki, dincəlirəm.
– Təkliflər varmı?
– Var, amma mən hələlik qış fasiləsini gözləyirəm. Ondan sonra başqa gələn təkliflər olsa, hamısına birlikdə baxacağam.
– “Xəzər Lənkəran”ın oyunlarını izləyirsən?
– İzləyirəm. Komanda özünə yaraşmayan pillədədi. Toşakla komanda heç cür uğur qazana bilmədi. Yeni türk məşqçi Mustafa Dənizlinin komandanı dəyişəcəyinə inanıram. İnanıram ki, “Xəzər Lənkəran” ən azı avrokuboklara gedəcək. Artıq çempionatda liderlə xeyli fərq var. Ona görə də onlar kubokda uğur qazanmağı düşünəcəklər. Onlara uğurlar arzu edirəm.
– Bəs “Xəzər Lənkəran”ı tərk etməyinə nə səbəb oldu?
– Mən “Xəzər Lənkəran”da qalmaq istəyirdim. Amma alınmadı. Klub rəsmiləri mənə dedilər ki, sən komandada qalmalısan. Sonra nə baş verdi, onu heç anlamadım. Əslində klubdan getmək fikrim yox idi. Sadəcə, Toşakın fikirləri fərqli oldu. Mənim komandadan göndərilməyimi istədi və belə də oldu.
– Toşak sənin qalmağını niyə istəmirdi?
– Yəqin ki, o da öz oyunçularını kluba gətirmək fikrində idi. Amma mən “Xəzər Lənkəran” üçün meydanda can qoyurdum.
– Klub rəsmiləri ilə söhbət etdinmi?
– Etdim. Onlar da Toşakın məni artıq komandada görmək istəmədiyini bilirdilər. “Xəzər Lənkəran” mənə doğma klubdu. Heç kəs bu komandanın qapısını mənim üzümə bağlaya bilməz. Guya Toşak məni intizamsız olduğum üçün komandadan göndərmişdi. Amma mən belə şey etməmişdim. Hamı bilir ki, başımı aşağı salıb sadəcə, futbolumu oynayırdım. Əlavə nəsə etmək mənlik deyildi.
– Toşak gedəndən sonra "Xəzər Lənkəran"dan kimləsə danışmısan?
– Yox. Heç kəs mənimlə əlaqə saxlamayıb.
– Təklif olsa, qayıdarsan?
– Sevə-sevə qayıdaram. Yenidən orada oynamaq istəyərəm. Hazırda azad agentəm. Ümid edirəm ki, “Xəzər Lənkəran”dan yenidən təklif gələcək.
– Yerlin Marin Orsuliç də sənin aqibətini yaşadı. Toşak onu da komandadan qovdu…
– Bilirəm. O, hazırda Xorvatiyada oynayır.
ELSEVƏR





