Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunun 14-cü turu çərçivəsində də maraqlı oyun keçirilir. Futbolinfo.az xəbər verir ki, "Bayıl Arena"da turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Neftçala" lider "Araz Naxçıvan"la qarşılaşır.
Qeyd edək ki, əslində bu qarşılaşma Neftçalada keçirilməli olsa da, əlverişsiz hava şəraiti və qazonun pis vəziyyətdə olması səbəbindən oyunun Bakıda keçirilməsinə qərar verilib.
Liderlərin qarşılaşması gərginliyi ilə seçilir. Futbolinfo.az saytının bu oyuna ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, matçın 32-ci dəqiqəsində meydanın "Neftçala"ya aid olan hissəsində "Araz Naxçıvan"ın futbolçusu Elgiz Kərimli rəqib komandanın üzvü Mübarək Şahquliyevə qarşı kobud oynayıb. Bu isə futbolçular arasında gərginliyə səbəb olub. Hər iki komandanın futbolçuları bu olaya müdaxilə etdiyindən oyunda kiçik fasilə yaranıb. Amma baş hakim Fariz Yusifov aranı sakitləşdirə bilib.





