İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xerardo Martino Çempionlar Liqasının 1/8 finalının püşkünü dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, argentinalı bu mərhələdə "Mançester Siti" ilə qarşılaşmaq istəmədiklərini bildirib:
"Təbii ki, "Mançester Siti"ni arzulamırdıq. Ancaq düşünürəm ki, onlar da bizimlə qarşılaşmaq istəməzdilər. Nə etmək olar? Belə alındı. Əsas odur ki, fevral ayına kimi yüksək formada qalmalıyıq. Manuel Peleqrininin işini hər zaman yaxından izləmişəm. O, Avropanın ən yaxşı məşqçilərindən biridi. Onun komandasına qarşı oynamaq mənim üçün böyük fəxr olacaq".





