Köhnə dərsliklərdə müəllifini xatırlamadığım belə bir şeir parçası var idi:
Yollar dünyada çoxdu
Sayı hesabı yoxdu.
Bostan yolu, bağ yolu,
Aran yolu, dağ yolu…
Bəli, futbolda da belədi. İstər beynəlxalq aləmdə, istərsə də, hansısa bir ölkədə müxtəlif nominasiyalı mükafatlar var. Əlbəttə, bütün bu mükafatların fonunda ilin ən yaxşı oyunçusu müəyyənləşdirmək üçün ali nominasiya da var. Bu nominasiyada ampluasından asılı olmayaraq, özünü yaxşı tərəfdən göstərən hər hansısa bir oyunçu qalib ola bilər. Yəni mükafat həm qapıçı, həm də sahə oyunçusuna qismət olur.
Düzdü, adətən hücumçular və daha çox qol vuran yarımmüdafiəçilər gözə girdiyindən məhz belələri daha şanslı olur. Amma tarix boyunca qapıçılarla müdafiəçilər də belə mükafatlara sahib olur.
Azərbaycan isə tamam başqa dünyada, tamam başqa coğrafiyada və tamam başqa miqyasda yerləşir. Bizim futboldakı mükafatlandırılma sisteminin analoqu yoxdu. Söhbət heç də ilin ən yaxşı oyunçu mükafatından getmir. "Kasıbın olduğundan" bizdə də özümüzə görə oyunçular var və ilin sonunda onlar arasından biri ən yaxşı oyunçu adına layiq görülür. O başqa məsələ ki, bu mükafat Azərbaycanda yalnız 3-4 oyunçu arasında gedib gəlir. Özü də adətən müdafiəçilər bu mükafata sahib çıxır. Düzdü, 2 il öncə ölkədə Rauf Əliyev küləyi əsdi. Amma Raufun peyda olmasına qədər və onun səhnədən çəkilməsindən sonra yenə də əsasən arxa xətt oyunçuları ön plana çıxdı. Özü də daha çox Rəşad Sadıqovla Kamran Ağayev diqqət mərkəzinə düşdü.
Əlbəttə, bütün bunların da səbəbi var. Çünki Azərbaycan millisinin iddiası və gücü olmadığından güc həmişə müdafiəmeyilli və dağıdıcı oyunçuların üstünə düşür. Belədə ya Kamran Ağayev seyvləri, ya da Rəşad Sadıqov əzmkarlığı ilə daha çox rəğbət qazanır. Millinin hücum potensialı yüksək olmadığından isə irəli ucda qərarlaşan və yaradıcı oyunçularımız "ofsayda düşür". Nə isə, bu özü gileylənmək üçün ciddi bir əsas deyil. Mənim dərdim yalnız "bostan yolumuz"un olması fonunda, nə "bağ", nə "aran", nə də "dağ" yolumuzun olmamasından gedir. Daha doğrusu, AFFA-nın təsis etdiyi "ilin ən yaxşı oyunçusu" mükafatıyla yanaşı, "ilin ən yaxşı qapıçısı" nominasiyası haqda danışmaq istərdim.
Əlbəttə, AFFA bu mükafatı sahə oyunçularıyla qapıçı bölgüsünə görə edib. Amma bir qədər dərindən düşünəndə bunun məntiqsiz olduğunu görürük. Belə bölgü aparılırsa, deməli, qapıçının ən yaxşı oyunçu seçilmə şansı olmur. Halbuki əsasnamədə belə bir şey yoxdu. Yəni, qapıçı da ilin ən yaxşı oyunçusu ola bilər. Lap olmaq şansını itirsə belə, bunun özü belə böyük nöqsandı. Eyni məntiqlə gərək son illər Çexiyada Petr Çex ən yaxşı oyunçu seçilməsin…
Madam ki, "ilin ən yaxşı qapıçısı" mükafatını təsis edirlər, onda "ən yaxşı müdafiəçi", "ən yaxşı yarımmüdafiəçi", "ən yaxşı hücumçu", "ən yaxşı ehtiyat oyunçu" və "ən yaxşı debütant" nominasiyası da təsis edilsin. Xeyr ola, ancaq qapıçını fərqləndirirlər? Ən pis məqam ondan ibarətdi ki, digər mövqelərlə müqayisədə qapı ən az rəqabət olan mövqedi. Özü də Azərbaycanda. Vur-tut bir Kamran Ağayevimiz var da. "Bakı"nın qolkiperi zədəli olmayanda yığmanın qapısını qoruyursa, onun şəninə mükafat hazırlamağın nə mənası? Halbuki, digər amplualarda qalibləri müəyyənləşdirmək bundan min dəfə maraqlıdı.
Nə isə, bura Azərbaycandı və istənilən əcaib layihə, fənd, üslub, taktika, strategiya və milyon söz yığından ibarət anlayışları elə anlayışla qarşılamaq lazımdı. Nə iləsə, fərqlənməliyik axı…
CAVAD





