Topaz Premyer Liqasının 18-ci turunda səfərdə AZAL-a məğlubiyyət "Neftçi"yə çox pis təsir edib. Belə olmasaydı, paytaxt klubunun rəsmiləri Şüvəlandakı 1:2 hesablı yenilgidən sonra ənənəvi şüvənliyinə əl atmazdı.
 
Hələ qarşılaşmanın 83-cü dəqiqədə "ağ-qaralar"ın müdafiəçisi Elvin Yunuszadə Mahir Şükürovun ardınca kobud oyuna görə qırmızı vərəqə alıb meydandan qovulan kimi "Neftçi"nin oyunu canlı izləyən rəsmiləri özlərinə əl qatmağa başladılar. Amma onların bu canfəşanlığı qalan dəqiqələrdə komandanın məğlubiyyətdən xilas olmasının qarşısını almadı.
 
Qarşılaşmadan sonra da "Neftçi" rəsmiləri öz amplualarında idilər. Onlar sərt şəkildə hakimlərə etirazlarını bildirməyə çalışırdılar. Bu üzdən hətta Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqdası meydanı vaxtında tərk edə bilmədi. Vitse-prezident Tahir Süleymanovla klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu mənada xüsusi fərqlənirdi. Şübhəsiz ki, onların hakimlərə hansısa təzyiq göstərməsinə PFL-in təhlükəsizlik xidmətinin əməkdaşları və polislər imkan vermirdilər. Yaranan bu qarışıqlıqda nələrin baş verdiyini araşdırmağa və olanları telefonunun yaddaşına köçürmək istəyən əməkdaşımız isə azğınlaşmış "Neftçi" rəsmiləri və təhlükəsizlik xidmətinin işçiləri tərəfindən təzyiqə məruz qaldı. Abbaszadə hətta telefonu jurnalistin əlindən almağa çalışdı. Buna nail olmadıqda isə əynində “Neftçi”nin papağı və şərfi olan başqa 5-6 nəfər əməkdaşımızın üstünə yeridi, onu təhqir etdilər. Bu zaman polis nəfərlərindən birinin müdaxiləsindən sonra ara sakitləşdi. Məhz asayiş keşikçisinin sayəsində həmkarımız mətbuat konfransına daxil ola bildi.
 
Bu məsələyə yenidən qayıdacağıq. Sadəcə, "Neftçi" rəsmilərinin diqqətinə bir şeyi çatdırmağı lazım bilirik ki, jurnalistin vəzifə borcu və hüququdu ki, hadisə yerindən istədiyi məlumatı dəqiqləşdirsin, yazsın. Sizin buna mane olmağa heç bir haqqınız çatmır. Jurnalistə fiziki təzyiq göstərməyiniz isə ümumiyyətlə haqq qazandırılası məsələ deyil. Düzdü, Abbaszadə oyundan sonrakı mətbuat konfransında əməkdaşımızdan hamının qarşısında üzr istədi. Amma bu, nəyisə dəyişdimi? "Neftçi"nin bu məğlubiyyətinə görə bizim heç bir günahımız yoxdu. Futbolçunuz tərbiyəsizlik, kobudluq edib komandasını çətin vəziyyətdə qoyursa, nəticədə uduzursuzsa, bunun acığını jurnalistdənmi çıxmalısız?
Shares: