Premyer Liqanın son turunda “Simurq”a 0:3 hesablı məğlubiyyət “Rəvan” düşərgəsində şok effekti yaratdı. Əlbəttə, daha iddialı və daha yaxşı komplektləşmiş rəqiblə oyunda xalsız qalmaq faciəvi deyil. Amma bakılılar evdə oynadığından ən azı bu qədər asan təslim olacağı gözlənilmirdi. Şahin Diniyevin baş məşqçi postuna gəlməsindən sonra oyun planında turdan-tura hiss olunan inkişaf isə göz qabağında idi. Ancaq…
“Aslanlar” yalnız “Sumqayıt”la ev matçında bu qədər aciz təsir bağışlamışdı. “Bakı”dan, “Qarabağ”dan xal alan, digər daha güclü rəqiblərlə görüşlərdə mübariz oynayan komanda sanki tilsimlənmişdi. Əslində isə həm “Sumqayıt”, həm də “Simurq”la oyunlar göstərdi ki, futbolçular ardıcıl matçlara hazır deyil və fiziki cəhətdən çatdırmır. Həm də problem yalnız bununla bağlı deyil. Futbolçuların taktiki-texniki planda da ciddi qüsurları var ki, bunu artıq indi, qısa bir zamanda yoluna qoymaq mümkün deyil.
“Rəvan” həm rəhbərliyinin iddiasına, həm bəzi klublarla müqayisədə imkanlarına, həm də məşqçisinin nüfuzuna görə indi tutduğu 9-cu yerə layiq deyil. Komanda mövsümöncəsi hazırlıq zamanı doğru əllərdə olmayıb, indi isə bunun cəfasını çəkir. Ramil Əliyev ola bilsin ki, istedadlı məşqçidi, amma onun elita təcrübəsinin olmaması başında çatladı. Yaydakı hazırlıq toplanışlarının boşa verildiyi, oyunçu seçimindəki bağışlanmaz səhvlər bugünkü nəticələrin təməl səbəbləridi. Ümumiyyətlə, komandada seleksiya işi o qədər bərbad aparılıb ki, bəzi mövqelərdə ciddi oyunçu çatışmazlığı diqqət çəkir.
Faciəvi startdan sonra Əliyev şələ-şüləsini yığışdırıb tez aradan çıxdı. Amma onu əvəz edən Vladislav Qədirov da qısa müddətdə heç nəyə nail ola bilmədi. Baxmayaraq ki, onun vəziyyəti düzəltmək üçün az-çox imkanı var idi. Gəl ki, “transfer pəncərəsi”nin bağlanmasına qədər olan vaxt boşa verildi və Qədirov da düzgün seçimlər edə bilmədi. Bu məşqçilərdən Diniyevə miras qalan komanda isə ötən mövsümlərdəki “Rəvan”ın kölgəsi idi. Belədə Çahin bəy əldə olan materialla oyunları yola verib yalnız qış fasiləsini gözləməliydi.
Bəlkə də indi Şahin bəyə inam bir qədər azalıb, hətta məşqçi özü də ruhdan düşüb. Amma komandanın oyununu daim izləyən biri kimi deyə bilərəm ki, “Rəvan”ın məşlubiyyətlərinini səbəbi – “Sumqayıt” və “Simurq”la oyunlar istisna olmaqla – komanda oyunundakı zəifliyin yox, futbolçuların bacarıqsızlığından irəli gələn fərdi səhvlərin nəticəsidi. Bunu paytaxt klubunun heyətinə nəzər salmaqla da görmək olar.
“Rəvan”ın iştirak ərizəsində 4 qapıçının adı olsa da, onların birinə güvənmək olar. Kamal Bayramov yerli oyunçu limitinə və təcrübəli əvəzedici olduğuna görə buradadı. Əslində, o, karyerasını hələ Lənkəranda olarkən “bitirib”. Digər ikisinin elita üçün hazır olmadığını nəzərə alsaq, bütün güc Lukaş Sapelanın üzərinə düşür. Amma polşalı həmin “Sumqayıt” və “Simurq”la oyunlarda göstərdi ki, sabit biri deyil. O, hərdən elə toplar buraxır ki, bağışlanası deyil. Elə zaqatalalıların vurduğu üçüncü qol da buna misaldı.
“Rəvan”da cəmi 6 müdafiəçi var. Bir oyunda azı 4 arxa xətt oyunçusuna güvənildiyini nəzərə alsaq, bu, çox azdı. Zədə, cəza səbəbindən bəzən bir neçə oyunçunun kənarda qaldığını nəzərə alsaq, məcburən yarımmüdafiəçilər burada oynadılır. Bu isə rəqabətsizliyə də yol açır. Heyətdə olanlardan İvan Pexa və Aqil Nəbiyevə ciddi irad yoxdu. Bununla belə, ikinci zədəyə meylli olduğundan 2 matça çıxıb üçünü buraxır ki, bu da sabitliyin pozulmasına səbəb olur. Tacikistandan gələn Sohib Savankulov legioner kimi ümidi doğrultmursa, Orxan Lalayev I divizionda oynayacaq birisidi. Novruz Məmmədov əzmkarlığı ilə digər qüsurlarını ört-basdır etsə də, hər halda premyer-liqada mövqeyinin ən zəiflərindəndi. 30 yaşlı Cəmşid Məhərrəmova gəlincə, o, karyerasını hətta Türkiyənin aşağı liqa klublarında belə bəyənilmədiyi vaxt bitirməliydi. Hər matçda 2-3 kobud səhvə yol verən bu müdafiəçi, “Rəvan”ın ikinci dövrədə buraxdığı qolların 60-70 faizində birbaşa günahkar olub. Şübhə edənlər oyunların videoyazılarına baxa bilər.
Yarımmüdafiə xətti nisbətən sanballı görünür. Amma gəlin adlara aldanmayaq. Rəsad Abdullayev sağ cinahda şəhərarası bəlli marşrutla hərəkət edən mikroavtobusa bənzəyir. Daim iddialı klublarda ortabab ulduz olmuş Rəşad hansısa istedada malik deyil, o, yalnız öz cinahında orta səviyyəli oyun sərgiləyir, lazım olanda isə liderlik xüsusiyyətlərini sərgiləyə bilmir. “Rəvan”dan başqa oynadığı bütün komandalarda ehtiyat oyunçular skamyasını isitməklə məşğul olmuş Ramazan Abbasov da həmçinin. O, texnikası ilə nisbətən seçilsə də, bunu məntiqi sonluğa çatdıra bilmir.
Kristian Torres sağlam olduğu vaxt fərq yaradan oyunçudu, amma zədəyə meylli olması onun başlıca problemidi. Fredrik Holster heç cür özünü sübut edə bilmədisə, Mişel Balokoq komandanı ayaqda saxlayan isimlərdəndi. Bəlkə də kamerunlu olmasaydı, “Rəvan”ın yarımmüdafiəsini yarmaq heç kimə problem olmazdı. Bu futbolçu ləngliyi aradan qaldırsa, komandaya daha çox fayda verər. Kamil Nurəhmədov, Elvin Həsənəliyev, Hüseyn Axundov, Elnur Abdulov say düzəltmək üçün lazımdısa, əvəzedici heyətin fərqlənən oyunçularına şans vermək daha məsləhətlidi. Çünki icarəyə gəlib vaxt keçirənlərin bir çoxuyla müqayisədə onlar daha həvəslidi ki, bu baxımdan “Rəvan”ın Ceyhun Cavadovu Azərbaycan futboluna bəxş etdiyini deyə bilərik.
Düzü, mən daha çox Miloş Adamoviç və Tofiq Mikayılov üçün təəssüflənirəm. İkinci, yersiz zədə üzündən mövsümün ilk yarısını boşa verdi, serb futbolçu isə ölkəmizdə keçirdiyi ilk parlaq mövsümdən sonra sanki kölgəyə çəkilib.
Hər nə qədər qəribə də olsa, “Rəvan”da cəmi 2 hücumçu var. Vüsal Qarayev dəfələrlə gedib-qayıtdığı komandada əvəzedici heyədə vaxt keçirməklə məşğuldusa, ötən mövsüm daha güclü heyətlə qolları sıralayan Xuan Manuel Varea təkbaşına heç nə edə bilmir. İndi gəl, bu heyəti Joze Mourinyoya tapşır və ondan nəticə istə.
Gördüyünüz kimi, “Rəvan” qış fasiləsində heyəti demək olar, başdan-başa dəyişməlidi. Komandanın hələ kubokda mübarizəni davam etdirdiyini nəzərə alsaq, turnir perspektivi də var. Bu səbəbdən rəhbərlik heç olmasa, vacib mövqelərə yaxşı transferlər etsə, vəziyyəti düzəldə bilər. Heyətdən çıxarılacaq oyunçular haqda isə indidən proqnoz vermək olar – onların heç biri hansısa elita klubuna lazım olmayacaq. Lazımsızlarla vidalaşıb komandaya RƏVAN futbol oynada biləcək ifaçılar tapmağın əsl zamanıdı.
MURAD





