Bu gün avqustun 25-də baş tutan “Xəzər Lənkəran” – “Neftçi” oyununda baş verən məlum hadisələrə görə həbs olunan 7 azarkeşin məhkəməsi baş tutub. Dekabrın 12-də start verilən məhkəmə prosesi qaldığı yerdən davam etdirilib.
Həmin vaxt keçirilən proses zamanı azarkeşlərə hökmün dekabrın 25-də oxunacağı deyilsə də, proses yenə təxirə salınıb. Davamının isə yanvarın 15-də olacağı bildirilir.
Bu gün keçirilən məhkəmə prosesində bir çox maraqlı məqamlara rast gəlinib. Dövlət ittihamçısının çıxışı heç də hadisələrlə uzlaşmır. Çıxışdan bir çox məqamları və hadisələrlə tutşmadığını nəzərə alaraq onları təqdim edirik.
Dövlət ittihamçısının çıxışından:
1. İddia olunur ki, bütün saxlanılan şəxslər əvvəlcədən qruplaşıb və bu iğtişaşlar məhz onlar tərəfindən törədilib. Lakin saxlanılan 7 azarkeş məhkəmədə müxtəlif əsaslarla tanış olmadıqlarını sübuta yetiriblər.
2. İddia olunur ki, saxlanılan şəxslər sərxoş vəziyyətdə olublar. Bunu yalnız azarkeşlərdən ikisi təsdiq edib və onlar da ancaq pivə, 250 qram araq içdiklərini deyib. Digər maraqlı məqam odur ki, əgər fanatlar ittihamçının dediyi qədər içkilidirlərsə, hadisələri necə xatırlayırlar?
3. İddia olunur ki, saxlanılan şəxslər davanın mərkəzində olublar, kütləni iğtişaşa çəkiblər , liderlik ediblər. Məlum oldu ki, azarkeşlərin 3-ü birinci hissə sona çatan kimi polis tərəfindən şöbəyə aparılıblar. Kütləvi dava isə oyun sona çatandan sonra baş verib.
4. İfadə verən polis nəfəri iddia edir ki, onun yoldaşları Ərəbov Zaurun onu vurduğunu görüblər. Ərəbov Zaur isə ilk hissənin sonunda artıq polislərin onu şöbəyə apardıqlarını deyir. Polis isə ikinci hissə sona çatandan sonra xəsarət alıb.
5. İttihamnamədə hər kəsin hansı əsgəri vurduğu qeyd olunmuşdu, amma əsgərlərin heç biri onları vuran şəxsin adını, simasını xatırlamırdı, orada oturanları tanımadılar.
6. İddia olundu ki, bu şəxslər qrup şəklində fəaliyyət göstəriblər. Əsl rüsvayçılıq da elə bundadı. "Neftçi" azarkeşi və "Xəzər Lənkəran" azarkeşi necə bir qrupda ola bilərdilər ki? Saxlanılan Elman Tağıyev buna cavab olaraq "Mən "Neftçi" azarkeşiylə bir qrupda olmağı özümə yaraşdırmaram" deyib.
7. İddia olunur ki, bu şəxslər polis və əsgərlərlə üzbəüz davaya keçiblər və daşlar belə atılıb. Məhkəmənin gedişatında isə məlum oldu ki, daşlar stadionun çölündən atılırmış.
8. İddia olunurdu ki, polis insanları sakitləşməyə dəvət edib. Vəkil isə iddia edir ki, onun əlində polisin azarkeşləri döydüyünü sübut edən kadrlar var.
9. İddia olunurdu ki, azarkeşlər əsgərə qəsdən xəsarət yetiriblər. Orada məlum oldu ki, hətta saxlanılan şəxslərdən biri öz cib dəsmalıyla bir əsgərin başını sarıyıb. Bunu əsgərin özü və yoldaşları da təsdiqləyib. Dəqiq simanı tanımasalar belə…
ELSEVƏR





