Dünən axşam saatlarında “Trabzonspor” klubunda qaynar dəqiqələr yaşanıb. Futbolinfo.az xəbər verir ki, superliqada dövrənin son matçında “Antalyaspor”u məğlub edən (2:1) Qaradəniz təmsilçisinin baş məşqçisi Mustafa Reşit Akçay istefa verib. Çalışdırıcı oyunsonrası mətbuat konfransına qatılmayıb. Daha sonra futbolçularla vidalaşaraq birbaşa stadionu tərk edib.
Amma klub rəhbərliyi “Trabzonspor”a avrokuboklarda ən uğurlu dövrünü yaşadan məşqçini fikrindən döndürmək üçün səfərbər olub. Prezident İbrahim Hacıosmanoğlu Akçayla şəxsən görüşərək onu postuna qaytarmağa çalışıb. Təxminən 1 saatlıq söhbətdəm sonra çalışdırıcını fikrindən döndürmək mümkün olub. Prezident baş məşqçinin bütün istəklərinin yerinə yetirəcəyinə söz verib.
Daha sonra klub rəsmi açıqlama yayınlayaraq, Akçayın heç yerə getmədiyini sadəcə kiçik anlaşılmazlıqlara görə, belə bir açıqlama verdiyini və onun işinə davam etdiyini bildirib.





