"Xəzər Lənkəran"ın icarə əsasında "Qəbələ"də oynayan futbolçusu Elnur Allahverdiyev gözlənilməz addım atıb. Futbolinfo.az xəbər verir ki, bir neçə gün öncə icarə müddəti başa çatdığı üçün məxsus olduğu "Xəzər Lənkəran"a qayıdan futbolçu komandanın təlim-məşq toplanışına qatılmayıb.
Buna səbəb isə futbolçunun özünün israrla "Qəbələ"də oynamaq istəyidi. Bir çox açıqlamalarında "Qəbələ"də işlərinin "yağ kimi" getdiyi deyən futbolçu yenidən əyalət klubunun uğurları üçün çalışacaq.
Saytımıza açıqlama verən cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məsələ ilə bağlı bunları deyib: "Düzdü, Elnur Allahverdiyev komandamızla birgə təlim-məşq toplanışı üçün Antalyaya yola düşməyib. Elnurun "Qəbələ" ilə icarə müddəti başa çatıb. Ancaq məsələ tam dəqiqləşməyib. Bu məsələ haqqında yaxın iki gün ərzində rəsmi məlumat veriləcək".
Qeyd edək ki, Allahverdiyevin "Xəzər Lənkəran"a qayıtmasını komandanın baş məşqçisi Mustafa Dənizli istəmişdi. Amma o, bu gün mövsümün qalan hissəsinin hazırlığına start verəcək "Qəbələ"nin hazırlıqlarına qatılacaq. Böyük ehtimalla o, Türkiyə toplanışında da məhz Yuri Syominin komandasıyla olacaq.





