Hələ Topaz Premyer Liqasının 12-ci turunda "Bakı" – "Simurq" qarşılaşmasından sonra Zaqatala təmsilçisinin 2:3 hesabı ilə məğlub olmasının bəzi futbolçuların bilərəkdən etdikləri səhvlər üzündən reallaşdığını yazmışdıq ( https://futbolinfo.xyz/xeber/892/ ). O vaxt bu xəbəri klubun baş məşqçisi Giorgi Çixradze "bu, futboldu, hər bir futbolçu səhv edə bilər" deyərək ört-bastır etmək istəmişdi.
 
Amma nədənsə həmin matçdan sonra oyun satmaqda şübhəli bilinən Dilaver Zrnanoviç əsas heyətə salınmırdı. Yalnız "Qəbələ" ilə səfər matçında bosniyalı müdafiəçi oyunun sonuna 3 dəqiqə qalmış komanda yoldaşı Stepan Polyakı əvəz etmişdi. Ona etibarın olmaması sübut edir ki, şübhələrimiz əsassız deyilmiş və bu, gürcü çalışdırıcının da gözündən yayınmayıb.
 
Bəzi mətbu orqanlar Çıxradzenin göstərişi ilə futbolçunun komandadan qovulmasını yazsalar da, bu xəbər doğrulmadı. Buna səbəb isə müdafiəçinin klub ilə olan müqaviləsindən əlavə şəxsi müqaviləsinin olmasıdı. Və orada xüsusi bənd var ki, müqaviləsi bitməmiş Zrnanoviç komandadan göndərilə bilməz. Əlacsız qalan klub rəhbərliyi isə futbolçunu ehtiyatda saxlamaqla cəzalandırır. Hətta əldə etdiyimiz məlumata görə, bosniyalı bir neçə dəfə məşqçilər korpusu və rəhbərliyə yaxınlaşaraq bu məsələni araşdırmalarını istəyib. Amma faydasız, mövsümün sonunda müqaviləsinin müddəti bitəcək Zrnanoviç indidən özünə klub axtarsa, yaxşı olar.
 
Təbii ki, bu gedişat klubun qeyri-peşəkarlığından xəbər verir. Vaxtında bu məsələni araşdıqrmaq əvəzinə ört-bastır etməsəydilər, iş bu həddə çatmazdı.
 
KƏMALƏ İSMAYILOVA
Shares: