Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu "Rubin"in yeni baş məşqçisi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bundan sonra komandaya Rinat Bilyaletdinov başçılıq edəcək.
 
3 oğul atası olan Bilyaletdinov 1957-ci il avqustun 17-də dünyaya göz açıb. Futbolçu karyerası ərzində yarımmüdafiəçi kimi top qovan Rinat ÇSKA, "Şinnik", "Lokomotiv", "Uneks" (Çexiya) kimi klublarda forma geyinib. Məşqçilik karyerasına 2002-ci ildə başlayan 57 yaşlı mütəxəssis 2011/12 illərdə Rusiyanın gənclərdən ibarət milli komandasına da başçılıq edib.
 
Qeyd edək ki, "Rubin"i bundan öncə Kurban Berdıyev çalışdırırdı. Elə Abışovu da Kazan klubuna məhz o aparmışdı.
Shares: