“Bakı”nın baş məşqçisi Milinko Pantiç Azərbaycandakı işi, yerli futbolun səviyyəsi, Bakıdakı həyatı və klubdakı məqsədlərinə dair müsahibə verib. Futbolinfo.az serb mütəxəssisin müsahibəsini diqqətinizə çatdırır.
– Budur, siz yenidən Madriddəsiz…
– Bəli. Ancaq qısa müddətə. Belə ki, fevralın 2-də Azərbaycan çempionatı yenidən bərpa olunacaq. Çempionat on komanda arasında dörd dövrədə keçirilir. Biz həmçinin, Azərbaycan kubokunda çıxış edirik. Buna görə, çox yaxşı hazırlaşmalıyıq.
– Marbelyedə toplanış keçirəcəksiz?
– Bəli, İspaniyanın cənubuna yollanacağıq. Əcnəbi komandalara qarşı bir neçə yoxlama oyunu keçirmək istəyirik. Bizim hansı vəziyyətdə olduğumuzu məhz bu görüşlər göstərəcək.
– Azərbaycanda futbol hansı səviyyədədi?
– Futbol hər yerdə futboldu. Yerli liqa sadə deyil. Çempionatın aşağı səviyyədə olduğunu düşünənlər yanılır. Məsələn, onların yığması Rusiyaya yığmasına qol vurub xal ala bildi. Diqqətəlayiq futbolçuları var. Azərbaycan gənc ölkədi. Bu, həyatın bütün sahələrində olduğu kimi, futbolda da gözə çarpır. Yeni futbol nəslinin yetişdirilməsi üçün vaxt lazımdı. Məsələn, mən bu ölkəyə gəldiyim andan bəzi şeyləri dəyişməyə çalışmışam.
– Siz orada altı aydı işləyirsiniz. Azərbaycanda sizi ən çox nə təəccübləndirir?
– Mən bu haqda kitab yaza bilərəm və bu, bestseller olardı. Həyatımın altı ən çətin ayını burada keçirmişəm. Ancaq xoşbəxtəm. Daha çox məsuliyyət hiss edirəm. Hələ heç kim onların mənə bir məşqçi kimi etibar etdiyi kimi, etibar etməyib. “Bakı”ya keçməyi mənə Migel Anhel Hil (Madrid “Atletiko”sunun baş direktoru – red.) məsləhət bildi. O isə heç zaman səhv etmir. İndi mən gözəl və çox vacib təcrübə qazanıram.
– Dil səddi var?
– Xeyr. Bununla bağlı çətinlik yoxdu. Qeyri-təvazökar görünmək istəməzdim, ancaq bir neçə dildə danışıram. Azərbaycan keçmiş Sovet respublikasıdı. Burada rusca danışırlar. Mən isə bu dili səkkiz il öyrənmişəm. Mənim klubda tərcüməçim olduğu da düzdü. Onunla ispanca danışıram.
– “Bakı”da hansı millətdən oyunçular var?
– Serblər, makedoniyalılar, slovenlər, kiprlilər. Mən onlarla yunanca danışıram.
– Deyirlər Bakı çox gözəl şəhərdi.
– Bəli, çox gözəldi və şəhər çox sürətlə tərəqqi edir. Belə ki, on ildən sonra yeni Dubay olacaq. Əsas problem küləkdi. Bəzən elə güclü əsir ki, az qala paltar uçur. Mənə belə deyiblər ki, hələ mən əsl külək görməmişəm.
– Yeməyə gəlincə?
– Mətbəx əladı, ancaq çox kalorilidi. Komandaya gələndə mən futbolçulara peşəkar oyunçulara uyğun menyu tərtib etdim. Əvvəlcə onlara buna öyrəşmək asan olmadı. Sonra isə hər şey öz yerini tutdu. “Partizan”da olduğum zaman öyrəndiyim hər şeyi, Yunanıstan karyeram ərzində əldə etdiklərimi və “Atletiko”dan bildiklərimi “Bakı”da həyata keçirmək istəyirəm. Niyyətim budu ki, “Bakı” “Atletiko B”-yə rəhbərlik etdiyim komanda kimi fəaliyyət göstərsin.
– İndi aydındı ki, bütün bunlar sadə deyil…
– Mənim metodlarıma hamı hazır deyildi. Buna görə də mən çoxlu düşmən qazandım. Yalançı dostlardansa, düşmənin olması yaxşıdı. Buna görə də orada bəziləri mənə hətta nifrət edir. Mən iddialıyam. Əsası isə klubun iddialı prezidentinin olmasıdı. Onun geniş fantaziyası var ki, öz komandasını Azərbaycan futbolunun zirvəsinə qaldırmaq istəyir. İki-üç ilə biz buna nail ola biləcəyik.





