"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komanda ötən günü tək məşqlə başa vurub.
Ardıcıl 3 günü 2 məşqlə keçirən komanda yeganə çalışmaya yerli vaxtla 11:00-da yollanıb. Komandanın çalışması 1 saat 40 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından "kvadrat" oynayan futbolçular ardınca fiziki hazırlığa əsaslanan, meydanboyu maneələri dəf edərək qapılara zərbə üzərində çalışıblar. Sonra isə 2 qrupa bölünən Qurban Qurbanovun yetirmələri top saxlama üzərində qurulmuş çalışma yerinə yetiriblər. Çalışmada dünənki məşqdə zədələnmiş Muarem Muarem və əməliyyatdan sonra bərpa prosesi keçən Rəşad Sadıqov fizioterapevt nəzarətində çalışıblar.
"Qarabağ"ın çalışmasını milli komandanın baş məşqçisi Berti Foqts da izləyib. Bu gün isə ağdamlılar yenə 2 məşqə çıxacaqlar.





