Böyük tarixə malik olmaq hələ böyük olmaq demək deyil. Böyük-kiçik yerini bilməli, böyükböyük, kiçiklə kiçik kimi davranmaq lazımdı. Hamı ilə sillə dili ilə danışmaq böyük olmağın yox, özünü böyük kimi göstərməyin əlamətidi.
 
Əlimizdə olan əraziləri nəzərə alsaq, elə də böyük olmayan ölkəmizə sevgimiz böyükdü. Ona görə də qəlbimizdə hamıdan böyük hesab etdiyimiz ölkəmizin böyük uğurlarını da elə böyük həsrətlə gözləyir, bəzən kiçik uğurları belə, gözümüzdə böyüdürük. Ona görə də heç kimin ciddi hesab etmədiyi bəzi uğurları da böyük iş kimi qələmə veririk.
 
Adi bir misal: ötən mövsüm “Neftçi”nin Avropa Liqasına vəsiqə qazanmasına elə don geyindirdik ki, sanki böyük iş görmüşük. Başımız eyforiyaya qarışdı, unutduq ki, bu, böyük futbol ölkələri üçün adi haldı, Qazaxıstan, Belarus, Moldova klubları burada oynamağı bizimkilər qədər böyük iş saymır. Biz isə “böyük” klubun böyük iş gördüyündən böyük-böyük danışdıq. Və elə buna görə də Allahın “Skenderbeu”sunu belə keçə bilmədik.
 
“Neftçi”dən danışırıq – tarixinə görə həqiqətən böyük olmağa borclu klubdan. Amma ən böyük uğuru SSRİ çempionatında şübhəli bürünc medal, müstəqillik dönəmində ən böyük zəfəri elə Avroliqanın qrupuna düşmək olan  “Neftçi”dən.
 
“Neftçi” böyükdümü? Maddi dayaqlarına, tarixinə, çəkisinə görə – hə. “Neftçi” böyükdümü? İdarə edilmə mexanizminə, strukturuna, imicinə görə – yox.
 
“Neftçi”nin çempionatdakı axırıncı ev oyununa nə qədər azarkeş gəldiyindən xəbəriniz var? Cəmi 800 nəfər. 77 yaşlı böyük kluba olan sevginin qiymətinə baxın! Azarkeşlərin ümumiyyətlə, Premyer Liqaya maraq göstərməməsini səbəb göstərməyin. Klubların ac olduğu vaxtlarda belə tribunalarda bundan böyük azarkeş kütləsini görərdik. Səbəb başqadı. Başda “Neftçi” olmaqla klublarımız böyük futbolda apardıqları böyük oyunlara görə azarkeşləri küsdürüb. İndi böyükdən kiçiyə hamı böyük futbolu görmək üçün böyük pulların havaya sovrulduğu, böyük həvəslə dağıdıldığı çempionatımıza yox, xarici ölkə çempionatlarına baxır.
 
Və bunun da səbəbkarı “Neftçi”di. Dünən yaranan “Xəzər Lənkəran”ın, “Qəbələ”nin oyunlarında 4-5 min azarkeş olursa, onlardan 10 dəfə (il yox ha!) böyük olan “Neftçi”nin oyunlarında elə 10 dəfə çox azarkeş olmalıydı. Məhz bu amil “Neftçi”nin böyüklüyünün göstəricisi olmalı, komandanı daha böyük uğurlara aparmalıydı.
 
Amma “Neftçi” nə edir? 500-600 sadiq azarkeşini də futboldan pisikdirir. İndi böyük klubda böyük oyunlar gedir. Böyüksüz klub imici formalaşdıran bakılılar bircə Böyükağa Hacıyevin fırlatdığı karusel-komandaya çevrilib.
 
Nazim Süleymanov məşqçi korpusu formalaşdıra bilməz, Böyükağaya isə hər şey olar, gələn kimi böyük komandasının böyük fiqurlarını yanına gətirdi. Halbuki karyerasına görə Böyükağadan 10 dəfə böyük olan Süleymanova belə şərait yaradılmadı. Nazım bəyə qoyulan transfer qadağaları da daha olmayacaq. Böyük ehtimalla, Antalya toplanışında böyük pullar hesabına edilən yeni transferləri görəcəyik.
 
İki məşqçiyə yaradılan şərait arasındakı belə böyük fərqin səbəbi nədi? Səbəb klub prezidenti Sadıq Sadıqova böyük yaxınlıq, böyük … və s.-di. Nazim bəy bunu bacarmadı, Böyükağa müəllimin isə işi budu.
 
Hacıyev həm də böyüklərin ürəyinə yol tapmağı bacaran biridi. Məsələn, o, “Neftçi”nin böyük həvəslə dilində şüar etdiyi prinsipə sadiq qalacaq, bəzən klubun yetirməsi olan gənclərə də üstünlük verəcək. Bunu Süleymanov edə bilməzdimi? Yox! Çünki ona olan böyük təzyiqin qarşısında hansısa uğursuzluq sonunu gətirərdi. Böyükağa bəyin isə belə problemi yoxdu, arxası güclüdü.
 
Hacıyev klubdakı başqa bir böyük fiqurun – Tahir Süleymanovun da rahat olmasına yardım edəcək. Axı, onun “topal” Melvin Platyesi Tərlan Əhmədovun, Nazim Süleymanovun vaxtında ehtiyatda qalırdı, “böyük” məşqçi isə ona mütləq imkan yaradacaq, uğursuz transfer olmasına, layiq olmadığı böyük pullar qazanmasına baxmayaraq, heyətdə qalacaq.
 
Hacıyev böyük-böyük danışmaqla tənqidləri də üzərinə çəkəcək, digər klub rəsmiləri kölgədə qalacaq, xımır-xımır yeməklə məşğul olacaq. Digər klubları, əcnəbi məşqçiləri, AFFA-nı, hakimləri hədəfə alb ağzına gələni danışacaq, hamını təzyiq altında saxlamağa çalışacaq, aranı qatacaq və o zaman hətta çempionluq əldən çıxsa da, böyük dayağı olan “dədə”yə sşz gəlməyəcək, Böyükağa bəy mütləq bir səbəb fikirləşəcək.
 
Beləcə böyük-kiçik – hamı yerini biləcək və “Neftçi” həqiqətən böyük olmadan, böyüklüyünü sillə-təpiklə göstərməklə böyük oyunlarını reallaşdıracaq. Kiçik ölkənin böyük komandası böyük səhnəyə belə qayıdır…
Shares: