Hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ" toplanış çərçivəsində ikinci sınaq oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" Qazaxıstan təmsilçisi "Tobol"la münasibətlərinə aydınlıq gətirib.
"Qəbələ" matça bu heyətlə başlayıb: David Petrkeviç, Ruslan Tağızadə, Elnur Allahverdiyev, İbrahima Niasse, Nizami Hacıyev, Rafael Santos, Luis Hilario Dodo, Daniel Subotiç, Nuran Qurbanov, Yannik Kamanan, Viktor Mendi.
İkinci hissə: Anar Nəzirov, Nikola Valentiç, Murad Musayev, Davron Erqaşov, Volodimir Levin, Ürfan Abbasov, Deyan Kelhar, Şirməhəmməd Məmmədov, Lorival Assis, Müşfiq Teymurov, Elvin Camalov.
Matçın ilk hissəsi "Qəbələ"nin açıq üstünlüyü şəraitində keçib. Bunun məntiqi nəticəsi kimi, "qırmızı-qaralar" fasiləyə 2:0 hesablı üstünlüklə yollanıblar. 18 dəqiqədə Daniel Subotiçin, 23-cü dəqiqədə isə Viktor Mendi rəqibi məyus edib.
İkinci hissəyə fəqrli heyətlə çıxan "Qəbələ" yenə topa nəzarət edən tərəf olsa da, fərqlənməyi bacarmayıb. Əvəzində Qazaxıstan təmsilçisi 90-cı dəqiqədə penalti zərbəsindən hesab arasında fərqi azaldıb – 2:1. Bu matçda vurulan son qol olub və "Qəbələ" ikinci sınaq oyunundan qələbə ilə ayrılıb.





