Bütün klublarda yerli futbolçular gömək mümkündü. Hər bir klub heyətində yerli futbolçulara daha çox üstünlük verir. Buna Madrid "Real"ında Kasilyası, Arbeloanı, Dieqo Lopesi, Alonsonu, İskonu, "Mançester Yunayted"də Ferdinandı, Coni Evansı, Runini misal göstərmək olar. Azərbaycanda isə klublar tam fərqli sistemlə fəaliyyət göstərir. Premyer Liqa təmsilçiləri daha çox gəlmələrə üstünlük verir. Yerli futbolçuları qoyaq bir kənara, klublar heç öz bölgələrindən olan topçularla meydana çıxmaq istəmir. Bir az vaxtımızdan alıb, kiçik bir araşdırma apardıq. Premyer Liqada mübarizə aparan bölgə təmsilçiləri "Qarabağ", "Qəbələ", "Simurq", "Xəzər Lənkəran" və "Sumqayıt"ın heyətində neçə yerli və klubun təmsil etdiyi bölgənin futbolçusu olduğunu hesabladıq. Nəticələr isə heç də ürək açan olmadı. Əvvəlcə ürək açmayan həmin mənzərə ilə tanış olaq.
"Qarabağ"ın yalnız ağdamlısı
"Qarabağ" cari mövsüm başlamazdan əvvəl Peşəkar Futbol Liqasına (PFL) 27 nəfərlik iştirak ərizəsi təqdim etmişdi. Bu 27 futbolçudan cəmi 17-si yerli futbolçudu. Onlardan yalnız biri – Vüqar Nadirov Ağdamı təmsil edir. Nadirov 18 turda 15 dəfə meydana çıxıb və rəqib qapısına 4 dəfə yol tapıb. Qalan 16 nəfərin içində isə bir nəfər də olsun ağdamlı yoxdu. Bunun niyəsini klub rəsmiləri bizdən daha yaxşı bilər. Amma təmsil etdiyi bölgədən cəmi 1 futbolçunun olması nə klub, nə də həmin komandanın azarkeşləri üçün ürək açan mənzərədi.
"Qəbələ"də lazımsız qəbələli
Qəbələ təmsilçisində də vəziyyətin yaxşı olduğunu demək olmaz. Belə ki, "Qəbələ"nin iştirak ərizəsində yalnız bir Qəbələdən olan futbolçu yer alıb ki, o da gənc topçulardandı. Cavidan Hüseynzadə "Qəbələ"nin əsas heyətində 3-cü qapıçı funksiyasını yerinə yetirir. Diaqo Silva və David Petrkeviçin yer aldığı komandada 23 yaşlı əlcək sahibinin forma geyməməsi normaldı. Lakin bu, "Qəbələ" üçün utancverici amildi. Ümumilikdə isə bölgə klubunun heyətində 13 azərbaycanlı futbolçu var. Bir məqama da toxunmaq lazımdı. Futbol akademiyası olan klubun aşağı yaş qruplarında da Qəbələdən olan futbolçu tapmaq müşkül məsələdi.
Zaqatalalıların tək ümidi
12 azərbaycanlı futbolçu ilə çempionluq mübarizəsinə qoşulan "Simurq" da yuxarıda adıçəkilən klublardan geri qalmır. Belə ki, Zaqatala təmsilçisinin heyətində 2 nəfər həmin bölgəni təmsil edən topçu var. Onlardan biri komandanın aparıcı futbolçularından olan İlkin Qırtımovdu. Digəri isə 18 turda cəmi bir dəfə Premyer Liqanın nə olduğunu bilən Rüstəm Məmmədovdu. Məmmədov yalnız bir dəfə güclülər dəstəsində meydana çıxıb və baş məşçqi Georgi Çixradze matçın 74-cü dəqiqəsində onu əvəzləyib. Bu, Məmmədovun 2 dövrədə çıxdığı ilk və son Premyer Liqa oyunu olub.
"Xəzər Lənkəran"da ümidverici amil
"Xəzər Lənkəran"ın heyətinə diqqət yetirdikdə, yuxarıda sadalanan klublardan fərqləndiyini görərik. Cənub klubu mövsümün əvvəlindən cəmi 9 azərbaycanlı futbolçu ilə yarışa qatılmışdı ki, bunların da 4-ü Lənkəran sakinləridi. Orxan Sadıqlı, Kazım Kazımlı, Kamran Abdullazadə və Elnur Cəfərov komandada bölgələrini təmsil edən futbolçulardı. Yerdə qalan 5 yerli futbolçu isə Azərbaycanın digər bölgələrini təmsil edir. Komandanın əsas qüvvəsindən hesab edilən Orxan Sadıqlı bu siyahıda ən çox forma şansı qazanmış hesab olunur. Sadıqlı 18 turda 12 dəfə komandasının uğuru üçün çalışıb. Kazım Kazımlı 3 dəfə, Elnur Cəfərov isə 1 dəfə cənublulara xeyir verməyə çalışıb. Digər bir lənkəranlı Kamran Abdullazadə isə ümumiyyətlə cari mövsümdə bir dəfə də olsun əsas heyətdə meydana çıxmayıb. Bu futbolçuların gənc olduğunu nəzərə olsaq, onların bir neçə ildən sonra komandanın aparıcı üzvlərinə çevriləcəyini demək olar.
Şəhərlilərsiz "Sumqayıt"
Bu siyahıya "Sumqayıt"ı da aid etmək olar. Şəhər təmsilçisinin heyətində Samir Abbasov və Aqşin Muxtaroğlu istisna olmaqla, digər futbolçuların heç biri Sumqayıtı təmsil etmir. Bakı və digər bölgələrdən yerli komanda yaradan klub rəhbərliyi öz şəhərlilərini yaddan çıxarıb. "Sumqayıt"ın aparıcı üzvlərindən sayılan bu futbolçular cari mövsümdə cəmi bir neçə oyunda meydanda olmayıb. Komandanın kapitanı funksiyasını yerinə yetirən Samir Abbasov 15-ci turda "Neftçi" (1:2) ilə qarşılaşma zamanı hakimi söydüyü üçün cəzalanmışdı. Bu səbəbdən adıçəkilən futbolçu fasiləyə qədər forma geymədi və qarşıdakı növbəti turu da buraxmalı oldu. Bu komandada da futbolçuların yerli olmasına baxmayaraq, sumqayıtlıları şamla axtarmaq lazım gəlir.
Bölgələrimizi təmsil edən klubların nə dərəcədə yerli futbolçulara yer verdiyini gördük. Təmsil etdiyi bölgədən heyətinə ən çox futbolçu cəlb edən klub "Xəzər Lənkəran"dı ki (4), bunu da yaxşı adlandırmaq olmaz. Ortaya maraqlı bir məqam çıxır. Deməli cənublu azarkeşlər bölgənin yeganə klubunu bu 4 futbolçu və "Lənkəran" adına görə sevir. Qəbələdə futbol akademiyası fəaliyyət göstərir. Ancaq bu akademiyada futbolçu olmaq arzusu ilə yaşayan uşaqların demək olar ki, cüzi bir hissəsi həmin bölgədəndi. Digərləri isə kənar şəhər və rayonlardan "oynamağa" gələnlərdi. Yəni bu gedişlə "Qəbələ"də 10 ildən sonra da qəbələli futbolçu görmək qəliz olacaq. Zaqatala daim Azərbaycan futboluna "lazımlılar"ı bəxş edib. "Simurq" Qurban Qurbanov, Musa Qurbanov, Aleksandr Şemonayev futbolumuza bəxş edən torpağın yetirmələrini qəbul etmək istəmir. Əks təqdirdə bu komanda heyətinə bir yox, daha çox zaqatalalı futbolçu cəlb edərdi. "Sumqayıt"ı yerli futbolçularla işlədiyi üçün alqışlamaq olar. Amma bu yerli futbolçuların içərisində 2 sumqayıtlının olması klub üçün düşünüləsi məsələdi. "Qarabağ"da isə vəziyyət daha acınacaqlıdı. Ağdam klubu adını daşıdığı Qarabağı yaddan çıxarıb. Bakıda məskən salan komandada yalnız bir ağdamlı top qovur. Bu gedişlə "köhlən atlar" ağdamlıları tamamilə unudacaq, elə ağdamlılar da "Qarabağ"ı. Deməli, "Qarabağ" uzaqlaşıb, həm Ağdamdan, həm də ağdamlılardan…
RÖVŞƏN ƏHLİMANOĞLU
Qeyd: Oyunlar və yerli futbolçuların sayı klubların PFL-ə təqdim etdiyi iştirak ərizəsi əsasında hesablanıb. Mövsüm ərzində komandadan göndərilən, gələn və qış transfer pəncərəsində başqa kluba keçən futbolçular nəzərə alınmayıb. "Sumqayıt" Bakıya daha yaxın olduğundan, həmin komandanın hesablamasında yalnışlıq ola bilər.





