Topaz Premyer Liqasının əksər təmsilçiləri kimi, "Neftçi" də qış fasiləsindən yararlanaraq Böyükağa Hacıyevin rəhbrəliyi altında Antalyada hazırlığını davam etdirir. Komanda qardaş ölkəyə yollanmamışdan öncə klubun vitse-prezidenti Tahir Süleymanov çox narahat idi. Belə ki, Nazim Süleymanovun baş məşqçi postundan istefa verməsi onu şoka salmışdı. Ancaq zaman keçdikcə Tahir bəyin də, futbolçuların da şokdan ayıldığının şahidi oluruq. Əslində bunların hamısının bir ssenari olduğu, sadəcə, gözdən pərdə asmaq üçün "səhnələşdirildiyi" heç kimdə şübhə doğurmur.
 
Zaman keçdikcə Nazim Süleymanovun istefa verməsinin səbəbləri də bir-bir üzə çıxır. Baxmayaraq ki, Süleymanov istefa verməsinin səbəbini çox bəsit şəkildə izah etmişdi. O, sadəcə klub rəhbərliyinin ona lazım olan futbolçuları transfer etməməsini, istədiyi məşqçilər korpusunu formalaşdırmağa icazə verilməməsini səbəb göstərərək getdiyini bəyan edirdi. Amma indi tədricən hər kəs öz iç üzünü açıb ortaya qoymağa başlayıb. Bunu "ağ-qaralı" futbolçuların müsahibə və açıqlamalarından da görmək mümkündü. Ötən günlərdə komandanın braziliyalı yarımmüdafiəçisi Flavinyo saytımıza açıqlamasında qeyd etmişdi ki, "Neftçi" Nazim Süleymanovu göndərməkdə düz edib".
 
Çox keçmədi ki, flaqmanın daha bir üzvü Mahir Şükürov da özünü "yandırdı". Daim intizamsızlığı ilə seçilən Şükürov müsahibəsində qeyd edir ki, "bu komandanın baş məşqçisi olmağa layiq olan elə Böyükağa Hacıyevdi. Hamı, bütün komanda onun qayıdşını gözləyirdi".
 
Şükürov qeyd edir ki, "Azərbaycanda iki məşqçi var – Böyükağa Hacıyev və Qurban Qurbanov". Halbuki, bununla o, birbaşa Azərbaycanın digər məşqçilərinə qarşı çox böyük hörmətsizlik edir. Biz bütün yerli mütəxəssisləri yox, ən azı Mahirin baş məşqçisi olmuş çalışdırıcıların adlarını çəkək, siz də yada salın: Vaqif Sadıqov, Nazim Süleymanov, Şahin Diniyev, Yunis Hüseynov, Ağasəlim Mircavadov. Maraqlıdı, Mahir Azərbaycanın bu cür adlı-sanlı mütəxəssislərini məşqçi hesab etmir?
 
Mahirin məşqçi hesab etmədiyi Vaqif Sadıqovun rəhbərliyi altında "Neftçi" 1994 və 1995-ci illərdə iki dəfə ölkə kubokunu qazanıb. Görünür, Şükürov "Neftçi"nin avrokuboklarda məhz Sadıqovun rəhbərliyi altında debüt etməsindən, klublarımızın avrokuboklardakı ilk xalını məhz onun sayəsində "Neftçi"nin qazanmasından xəbərsizdi. Xəbəri olsaydı, belə "başından yekə" açıqlama verməzdi.
 
Mahir şöhrət ordenli Ağasəlim Mircavadova da böyük hörmətsizlik edir. Halbuki 5 qat Azərbaycan çempionu olan Mircavadov 1988-ci ildə "Azərbaycanın əməkdar məşqçisi" adına layiq görüləndə Şükürov heç əlifbanı belə bilmirdi. Elə Şahin Diniyev də peşəkar futbolçu karyerasına başlayanda Mahirin cəmi 2 yaşı vardı. "Sehirli xalat" filmində belə bir bir ifadə var: "Bu uşağın böyüyüb kim olacağını fikirləşdəndə, adamın tükləri biz-biz olur". Düzdü, Mahir sehirli xalat geyinməsə də, ən azından ölkənin ən köklü klublarından birinin formasını üzərində daşıyır. Onun hörmətsizlik etdiyi məşqçilər Azərbaycan futboluna yetərincə fayda veriblər. Görəsən, Mahir futbolumuza nə fayda verib? Son tsikldə Şimali İrlandiyanın qapısına cərimə zərbəsindən vurduğu qol, yaxud bu kimi barmaqla sayılacaq "uğurlar"ın sənin Azərbaycan futboluna öz adlarını böyük hərflərlə yazdırmış mütəxəssislər barədə belə alçaldıcı fikir söyləməyinə qəti haqq qazandırmır.
 
Unutma ki, sənin bugünkü səviyyəyə çatmağında indi məşqi hesab etmədiyin bütün mütəxəssislərin çox böyük əməyi var. Onların o əməyinə, zəhmətinə hörmət qoya bilmirsənsə, heç olmasa hörmətsizlik də etmə. Onlar həm futbolçu, həm də məşqçi kimi sənin ölkəni daim ən yaxşı şəkildə təmsil etməyə çalışıblar. Çox uzağa getməyib Şahin Diniyevin, Nazim Süleymanovun ölkə xaricindəki karyerası ilə də maraqlan, öz legioner həyatını da yada sal. Bəlkə onda bu sözlərinə görə utanıb, xəcalət çəkəsən. Sənin gündə bir vay xəbərinin gəldiyi Rusiyada Nazim Süleymanovu az qala bütün futbol ictimaiyyəti çox gözəl xatırlayır, hörmətlə anıb, ağızdolusu danışırlar. Səninsə onun qazandığı uğurların heç yarısına nail olacaq cəsarətin, gücün yoxdu. Heç olmayacaq da.
 
Flavinyo və Mahirin (tam açıqlığı ilə olmasa da, "Neftçi"nin kapitanı Rəşad Sadiqov da sabiq baş məşqçisinin arxasınca qeybət etməkdən çəkinməyib – red.) futbolçuya yaraşamayan bu açıqlamalarından sonra istər-istəməz "ağ-qaralar"ın Nazim Süleymanovun rəhbərliyi altında uduzduğu bəzi qarşılaşmalar yada düşür. Belə ki, 14-cü turda brazilyalı yarımmüdafiəçi "İnter"ə qarşı oyunun 63-cü, Şükürov isə 18-ci turda AZAL-a qarşı matçın 80-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını, daha doğrusu Süleymanovu pis vəziyyətdə qoymuşdu. İndi sizin Nazimi pisləyən, Hacıyevi göylərə qaldıran bu açıqlamalarınızdan sonra necə inanmayaq ki, meydanı vaxtından əvvəl tərk etməyiniz Süleymanovun göndərilməsi planının tərkib hissəsi deyildi? Mahir qeyd edir ki, "Neftçi"də hər kəs Böyükağa müəllimin gəlişini gözləyirdi. Hər kəs Hacıyevi gözləyirdisə, Tahir bəy niyə Nazim müəllimin gedişindən şoka düşmüşdü? Yoxsa bu şoka düşmə futbolçuların və hazırkı məşqçinin "torbatikmə" əməlliyatını peşəkarcasına həyata keçirməsinə görə idi?
 
Suallar yetərincədi. Zaman keçdikcə cavablar da bəlli olacaq. Gözləyək… Görək, daha kimlər özünü "yandıracaq"?
 
EMİN SƏFƏROV
Shares: