Xəbər verdiyimiz kimi, Antalyada qış təlim-məşq toplanışında olan "Simurq" ötən gün ilk yoldaşlıq görüşünü keçirib. Futbolinfo.az xəbər verir ki, "Simurq"un rəqibi Almaniyanın Qərb Regional Liqasında mübarizə aparan "Velbert" klubu olub.
Georgi Çixradzenin komandası qarşılaşmaya bu heyətlə çıxıb: Pavel Kapsa, İlkin Qırtımov (k), Dilaver Zrnanoviç, İdan Vaytsman, Tural Axundov, Patrik Osiako, Taqim Novruzov, Stepan Polyak, Nicat Qurbanov, Rəşad Eyyubov və Draqan Çeran.
İlk hissədə Zaqatala klubu bir neçə dəfə rəqib qapısı ağzında təhlükəli anlar yaratsa da, qol istəyinə 38-ci dəqiqədə çatıb. Draqan Çeran başla topu tordan keçirməyi bacarıb. Bundan öncə isə almanlar "Simurq"un qapısına heç nədən təyin edilmiş penaltidən yararlana bilməyiblər. Rəqib futbolçu topu qapıdan aralı vurub. Fasilədən sonra da "Simurq" oyunda öz üstünlüyünü qoruyub saxlaya bilib. Yeni transfer Murad Səttarlının cinahdan asmasından sonra serbiyalı hücumçu Çeran növbəti dəfə fərqlənsə də, hakim qolun oyundankənar vurulduğunu hesab edərək qeydə almayıb. Qarşılaşmanın qalan dəqiqələrində rəqiblərdən heç biri fərqlənə bilməyib. Nəticədə milli komandanın baş məşqçisi Berti Foqtsun da izlədiyi görüş "Simurq"un qələbəsi ilə başa çatıb.
Çixradzenin yetirmələrinin növbəti rəqibi isə yanvarın 19-da Rumıniyanın "Vasluy" klubu olacaq. Bu gün isə komanda bir məşqə çıxacaq. Günortadan sonra məşqçilər korpusu yetirmələrinə istirahət verəcək.





