Əminəm ki, “Qordi düyünü”nün nəyə deyildiyindən xəbərdarsız. Rəvayətə görə, makedoniyalı İsgəndər Çar Qordinin bağladığı düyünü açmaq üçün xeyli baş sındırır, axırda da səbri tükəndiyindən qılıncını sıyırıb, düyünü kəsir.
Adətən hansısa bir çətin işdən baş açmağa çalışıb, nəticə əldə edə bilməyəndə həmin məsəli xatırlayırlar. İndi igidlərin belində qılınc gəzdirdiyi zəmanə deyil. Buna görə də çətinliyə düşəndə qarşımızdakı “düyünü” kəsmək üçün qılınca əl ata bilmirik.
Azərbaycan futbolunda da zaman-zaman çox düyün düşənlərə şahidlik edirik. İstedadlı olması heç kimdə şübhə doğurmuyan Kamran Ağayevin başına gələnlər də eynilə “Qordi düyünü” məsələni xatırladır. Artıq neçənci dəfədi ki, Kamranın əsas rolda yer aldığı qalmaqallı tamaşalara şahidlik edirik. Ağayevin bir qapıçı kimi “Xəzər Lənkəran”da məhşurlaşdığı heç kimə sirr deyil. Kamran möhtəşəm qurtarışlarının əksəriyyətinə millinin oyunlarında imza atsa belə, onun “Xəzər Lənkəran” üçün etdiklərini unutmaq olmaz. Mirça Rednikin gəlişiylə ölkə futbolunda əsas söz sahiblərindən birinə çevrilən “gəmiçilər”in heyətində Kamran liderlərdən biriydi. Axırda bu liderlik qabiliyyətinin barıtı lap çox oldu. Redniklə münaqişə yaşayan Kamranın adı komandada qruplaşma yaratmasıyla bağlı iddialarda hallanmağa başladı.
Düşünmək olardı ki, rəhbərlik rumın mütəxəssisi yola salandan sonra qolkiperin işləri yaxşı gedəcək. Hadisələrin sonrakı gedişatından xəbərdarsız. Tuyqun Nadirovla “ulduzu” barışmayan “çərçivə” qoruyucusu uzun müddət futboldan uzaq düşdü, cəzasını isə biz çəkdik. İsraillə Bakıdakı oyunda yəhudilər məhz Kamranın kobud səhvindən sonra qapımıza yol tapdı. Açıq-aşkar hiss olunurdu ki, Kamran oyun praktikasının yoxluğundan əziyyət çəkir. Bu qol Azərbaycan futboluna görə həyəcan keçirən hər kəs üçün həyəcan siqnalı sayılmalıydı. Klubunda müntəzəm meydana çıxmayan istənilən futbolçu üçün formasını qoruyub saxlamaq çox çətindi. Kamranın yoxluğunda Foqtsun da seçim etməyə çətinlik çəkdiyi şübhə doğurmur. Belfastda Səlahət Ağayevin son saniyələrdə buraxdığı səhvi unutmamışıq.
Uzun fasilədən sonra Ağayev “Bakı”yla müqavilə bağlayanda dərindən nəfəs almışdıq, sevindik ki, nəhayət, problemlər arxada qaldı. Təsadüfi deyil ki, Milinko Pantiçin 2-ci turdan etibarən “çərçivə”ni etibar etdiyi Kamran sözünü deməyi bacardı. “Zolaqlılar” ardıcıl üç qarşılaşmada quru hesabla qalib gəldi. Həmin üç oyunluq period Pantiçin komandasının ən uğurlu dövrü sayılmalıdı. Klubunda öz sözünü deyən Ağayev millinin həmin ərəfədə keçirdi hər üç oyunda 90 dəqiqə meydanda olmaqla, qazanılan 5 xalda əvəzsiz rol oynadı. Xüsusilə Şimali İrlandiya ilə oyunun şəksiz qəhrəmanı məhz o idi.
Sonradan nəyin baş verdiyini isə Pantiçlə Kamranın özündən başqa bilən yoxdu. Fakt odu ki, “Bakı” hazırda İspaniyada təlim-məşq toplanışında olsa da, qolkiper komanda yoldaşlarıyla birlikdə deyil. Ən qəribəsi isə “Bakı” tərəfinin problemlə bağlı ciddi və tutarlı səbəb ortaya qoymamasıdı. Əvvəl deyirdilər ki, Pantiç Bakıya gələcək və hər şeyi açıqlayacaq. Amma serb çalışdırıcı məsuliyyətdən yayınmağı bacardı. Klub rəsmisi Yaşar Seyidov isə “bu məsələ hələ açıq qalıb” cümləsindən başqa nəsə deməyə çəkinir. Türkün məsəli, bu “açıqlıq” nəvaxta qədər davam edəcək? Kim bu məsələni qapadacaq? “Bakı” “Qarabağ”ı məğlub edən kimi klub prezidenti Hafiz Məmmədov mətbuat qarşısına çıxıb, komandasının tərifləyir, gördüyü işlərdən danışırdı. İspaniyaya, Fransaya uşaq göndərməyiniz millinən əsas qapıçısını futbolsuz qoymağa əsas vermir, cənablar. Deyilənlərə inansaq, “Bakı”nın tələb etdiyi yüksək məbləğə görə “Qəbələ” də Kamranı heyətinə qatmaqdan vaz keçib.
Şayiələrə çox da qulaq vermək istəməzdik, amma həqiqət gizlədiləndə şayiələrin yayılması da qaçılmaz olur. Qapıçı özü də susur, klub rəsmiləri də. Görəsən, bir cəngavər tapılacaqmı qılıncını sıyırıb, “Kamran düyünü”nə son qoysun?





