Qış təlim-məşq toplanışını Bakıda davam etdirən AZAL hazırlıqlara ara vermir. Futbolinfo.az xəbər verir ki, Şüvəlan təmsilçisinin baş məşqçisi Vaqif Sadıqov düşərgəyə qoşulan yeni futbolçuların əksəriyyətini geri göndərib. Bu barədə saytımıza açıqlamasında baş məşqçinin özü məlumat verib:
 
"Hələ biz hazırlığımızı davam etdiririk. Bundan öncə baxışa gələn bütün futbolçular geri qaytarılıb. Hazırda 2-3 futbolçu var ki, onları da qarşıdakı yoxlama oyunlarında sınaqdan keçirəcəyik. Gələn həftə optimal heyətlə oyunlar keçirməyə çalışacağıq. Yəni planlı şəkildə hazırlıq davam edir. Bir az problemlərimiz var, onu da aradan qaldırmağa çalışacağıq. 8-9 nəfər gəmişdi, lakin onlar bizi qane etmədi. Hansılar ki, mənim tələblərimə uyğun olacaq, onlar komandada qalacaq. Elə-belə transferə ehtiyac yoxdu. 5 oyunçumuz gedib, onların da ən azı 2-3-ü əsas heyət oyunçusudu. Rəşad Abdullayevi transfer etmişik və inanıram ki, onun təcrübəsi bizə kömək edəcək. Ayın 18-də hazırda düşərgədə olan 3 futbolçu haqda qərar veriləcək. "Araz Naxçıvan"la oyundan sonra digər futbolçular haqda da qərar veriləcək".
 
Bundan başqa Sadıqov sabaha da 2 yoldaşlıq görüşünün planlaşdırıldığını bildirib: "Sabaha 2 yoldaşlıq oyunu planlaşdırırıq. Saat 11:00-da "Şahdağ"la, saat 16:00-da "Sumqayıt"la oynayacağıq. Bu oyunları keçirməkdə məqsədimiz həm futbolçuların təcrübə qazanması, həm də baxışa gələn futbolçuları sınamaqdı".
Shares: