Xəbər verdiyimiz kimi, Rumıniyanın "Vasluy" klubunun "Simurq"la oyundan imtina etməsindən sonra Zaqatala təmsilçisinin təlim-məşq proqramında məcburi dəyişiklik edilib. Futbolinfo.az xəbər verir ki, bu səbəbdən dünən axşam məşqinə çıxan komanda isinmə hərəkətlərindən sonra qısa ötürmələrdən ibarət təmrinləri yerinə yetirib.
İkitərəfli oyundan sonra isə qapıya zərbələr və cinahlardan asmaların qapanması məşq edilib. Hazırlıqda zədəli İlkin Qırtımov və U-21-in heyətinə dəvət edilən Murad Səttarlı iştirak etməyib.
Komandanın axşamkı məşqini yenidən düşərgəyə təşrif buyuran klub prezidenti Anar Bəkirov da izləyib.
Bu gün isə "Simurq" növbəti yoldaşlıq görüşünə çıxacaq. Zaqatala təmsilçisi Tanzaniya çempionatının lideri "Yanq Afrikans" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.





