"Çelsi" birvaxtlar İngiltərənin ən zəif klublarından hesab olunsa da, bu gün "zadəganlar"la qarşılaşacağını eşidən istənilən komanda qorxu keçirir. Müasir dövrdə planetin ən güclülərindən sayılan "Çelsi" bu dəyişimi 2003-cü ildə Roman Abramoviçin klub səhmlərini satın almasından sonra başladı. London təmsilçisinə böyük sərmayələr yatıran rus oliqarxı ardınca da bunun bəhrəsini görməkdədi. Paytaxt komandası uzun müddət həsrət qaldığı Premyer Liqa çempionluğuna nail oldu, federasiya kubokunu muzeyinə apardı, nəhayət 2012-ci ildə Avropanın ən nüfuzlu klub turniri Çempionlar Liqasında qalib oldu. Bəli, bütün bu uğurların arxasında Abramoviçin böyük maddi dəstəyi dayanır. Amma onun rəhbərliyi ilə keçən 10 ilə yaxın müddətdə "Çelsi" heç də həmişə düzgün siyasət yeritməyib. Bəlkə də bu gün "zadəganlar" daha yüksək yerlərdə ola bilərdi. Təbii ki, "kaş ki, almasaydıq" dediyi oyunçuları həqiqətən də almasaydı.
 
2003-cü ildən bəri "Çelsi" forması geymiş bir çox oyunçu saymaq olar ki, onlar komandaya xeyirdən çox ziyan vurublar. Bir sözlə onlara verilən pul infrastruktura xərclənsə, bəlkə də daha böyük uğurlar qazanmaq olardı. Bu yerdə həmin futbolçulardan ən çox gözə batanlarını və onların transfer qiymətlərini yada salmaq yerinə düşərdi.
 
Andrey Şevçenko – 44 milyon avro
Ukraynalı "Milan"da böyük uğurlar qazandıqdan sonra "Çelsi"nin yolunu tutdu. Abramoviç çox gözləsə də, Şeva "San Siro"dakı qollarını "Stemford Bric"də sıralaya bilmədi. Odu ki, 2006-cı ildə alınan Şevçenko 2008-ci ildə yenidən "Milan"a göndərildi.
 
Rikardo Kuaresma – icarə əsaslı
"İnter" 2008-ci ildə "Portu"ya 19 milyon avro ödəyib transfer etdiyi futbolçudan xeyir görməyincə 2009-cu ildə onu başından elədi. "Çelsi" icarəyə götürdüyü yarım­müdafiəçinin bütün xərclərini qarşılamağa razılıq verdi. Ammə qərarından çox peşman oldu. Kuaresma bir mövsüm ərzində cəmi 4 dəfə Premyer Liqada forma geydi. Ardınca "İnter"ə qaytarlıdı.
 
Yossi Benayun – 7 milyon avro
İsrailli yarımmüdafiəçi "Liverpul"dakı (2007-10) uğurlu çıxışından sonra "Çelsi"nin diqqətini çəkdi. 2010-cu ilin yayında mavi formanı əyninə keçirən Benayun 1 mövsümdə 8 oyundan artığına çıxa bilmədi. Ardınca "Arsenal"a icarəyə göndərilən yarımmüdafiəçi cari mövsümün əvvəlində yenidən "Çelsi"yə qaytarıldı. Daha sonra "Vest Hem"ə icarəyə verilən israillini orada da bəyənmədilər. İndi o, KPR-lə çempionçipdə mübarizə aparır.
 
Matey Kejman. 6,5 milyon avro
PSV-də 122 oyunda vurduğu 105 qol nəhənglərin diqqətini çəkməyə bilməzdi. Odu ki, Abramoviç hakimiyyətinin təzə vaxtlarında serbiyalı üçün 6,5 milyon kimi cüzi məbləğ ödəməyə xəsislik etmədi. Amma bəhrəsini görə bilmədi. Forvard yetərincə məhsuldar olmadığından bir il sonra elə 6,5 milyon avroya Madrid "Atleti­ko"suna satıldı.
 
Hernan Krespo. 21 milyon avro
Argentinalı futbolçunun kağız üstündə "Çelsi"də 5 mövsümünün keçdiyini görürük. Amma əslində bu 5 mövsümün üçü "Milan" və "İnter" klublarında keçib. 2003-cü ildə alınan Hernan Abramoviçin ilk göz muncuqlarından idi. Lakin o, bir mövsüm sonra "Milan"a icarəyə göndərildi. Ardınca "Çelsi"yə qayıtdı və növbəti mövsüm ye­nidən Milan şəhərinə icarəyə getdi. Amma bu dəfə "qırmızı-qaralar"a yox, "göy-qaralar"a. "İnter"də iki məhsuldar mövsüm keçirən Krespo daha sonra elə bu klubla transfer müqaviləsi bağladı.
 
Adrian Mutu. 15 milyon avro
"Parma"dakı gözəl çıxış rumın forvardın yolunu 2003-cü ildə Londona saldı. Amma Mutu "zadəgan" olduqdan sonra komandasının başına böyük işlər açdı. Hər şeyin yaxşı getdiyi bir vaxtda Adrianın kokain istifadəçisi olduğu ortaya çıxdı. FİFA oyun­çunu 7 ay futboldan diskvilifikasiya etdi, "Çelsi"ni isə buna görə 17 milyon avro cərimələdi.
 
 
Xuan Veron. 18,5 milyon avro
Argentina futbolunun ən istedadlı yarımmüdafiəçilərindən birinin "Çelsi"yə transfer olunması əsl Abramoviçin ürəyincə idi. Di gəl ki, Veron 4 il ərzində cəmi 15 dəfə göy formanı kürəyinə keçirə bildi. London karyerası olduqca uğursuz alınan Veron rəsmən 4 il ərzində "Çelsi"yə məxsus olsa da, bunun 3 ilini "İnter" və "Estudiantes"də icarədə oldu.
 
Yuri Jirkov. 22 miylon avro
Ona "Çelsi" tarixinin ən bahalı rus futbolçusu deyə bilərik. Amma bir çox ulduz kimi Jirkovun da bəxti Londonda gətirmədi. Avro-2008-də diqqət çəkərək 2009-cu ildə "zadəgan" kluba keçən Jirkov 2 il sonra düz 7 milyon zərərlə – 15 milyon avro qarşılığında "Anji"yə satıldı.
 
Romelu Lukaku. 22 milyon avro
"Anderlext"də çıxış edərkən, çoxları onu "gələcəyin Droqbası" kimi xarakterizə edirdi. Odu ki, Lukaku 2011-ci ildə "Çelsi"yə böyük ümidlərlə transfer edildi. Lakin 19 yaşlı oyunçu premyer-liqanın sürəti ilə ayaqlaşa bilmirdi. Romelu mövsüm ərzində cəmi 8 dəfə İngiltərə çempionatında forma geydi. Rəhbərlik onu özünü cila­lalması məqsədilə "Vest Bromviç"ə icarəyə göndərdi. Buradan “Çelsi”yə qayıdan hücumçu cari mövsümün əvvəlində isə “Everton”a icarəyə verildi. Kim bilir, bəlkə də Lukaku icarədən qayıtdıqdan sonra bütün məyusluqları aradan qaldıracaq.
 
Damyen Daf. 21 milyon avro
2003-06-cı illərdə 124 matçda 19 dəfə fərqlənən irlandiyalı "Çelsi"nin əsas yarımmüdafiəçilərindən idi. Lakin sonradan Andrey Şevçenko, Mihayl Ballak kimi oyunçuların gəlişi Dafın ikinci plana atılmasına səbəb olmuşdu. Odu ki, Daf özü də ay­rılmaq istəyirdi. Bununla da "Çelsi" daha bir sərvəti gözardı edərək 21 milyona aldığı Danieli 7 milyona "Nyukasl"a satdı.
 
Şon Rayt Filips. 26 milyon avro
"Mançester Siti" bu futbolçunu yetişdirdi, komandada ulduzunu parlatdı və 2005-ci ildə "Çelsi"yə sataraq böyük gəlir əldə etdi. Lakin "zadəganlar" hücumameyilli ya­rımmüdafiəçidən istənilən səviyyədə yararlana bilmədilər. Düzdü, Filips 3 il ərzində 80-dən çox oyuna çıxdı, amma o Abramoviçin rəğbəbtni qazanacaq qədər yüksələ bilmədi. Nəticədə ingiltərəli 2008-ci ildə yenidən keçmiş komandasına cəmi 10 milyon avroya geri göndərildi.
 
Fernando Torres. 59 milyon avro
O, premyer-liqa tarixinin ən bahalı futbolçusudu. Abramoviç "El-nino"ya görə bu pulu gözü bağlı şəkildə ödəməyə razı idi. Çünki "Çelsi"yə əsl onun kimi istedadlı qolçu lazım idi. Amma ispaniyalı "Liverpul"da 142 oyunda 81 qolluq potensialının yarısını belə mavi forma ilə göstərə bilmədi. 2011-ci ilin yanvarından "Çelsi"nin şərəfini qoruyan Torres 92 matçda cəmi 23 dəfə rəqib qapıları dəqiq nişan alıb. Hələ də onun "Çelsi"də olması ilə bağlı böyük fikir ayrılıqları var.
 
"Çelsi"nin böyük pullar verib qarşılıq ala bilmədiyi sahə təkcə oyunçu transferi deyil. Elə bir çox məşqçi də milyonlar qarşılığında "zadəganlar"ın baş məşqçiliyinə gətirilsə də, sonradan məyusluq içində postunu tərk etməli olub. Belələrinə Klaudio Raniyeri, Avram Qrant, Luis Felipe Skolari, Qus Hiddink, Karlo Ançelotti və Andre Villaş-Boaş kimi mütəxəssisləri misal göstərmək olar.
 
AMİN
Shares: