Xəbər verdiyimiz kimi, "Simurq" Antalyada qış təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, zaqatalalıların rəqibi Çinin “Şanxay Şensey” klubu olub.
Side bölgəsində yerləşən “Emirxan” otelinin meydançasında keçirilən matçda Zaqatala təmsilçisi oyun ərzində bütün üstünlüyü əlində saxlasa da, yaratdığı qol imkanlarından yararlana bilməyib. Xüsusən də, Draqan Çeran, Patrik Osiako və Salif Ballo hesabı açmaq üçün çox yaxın olsalar da, sonuncu vuruşlarda dəqiq ola bilməyiblər. Nəticədə, qarşılaşma qolsuz bitib.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin də izlədiyi qarşılaşmaya "Simurq" bu heyətlə çıxmışdı:
Pavel Kapsa, Ruslan Poladov, İdan Vaytsman, Anderson Oliveyra, Tural Axundov, Patrik Osiako, Bəşir Dominik, Rəşad Eyyubov, Stepan Polyak, Nicat Qurbanov və Draqan Çeran.
Antalyadakı üçüncü yoldaşlıq görüşündə də məğlub olmayan “Simurq” növbəti oyununu yanvarın 25-də keçirəcək. Ayın 26-da isə ölkəyə dönəcək komanda Topaz Premyer Liqasının 19-cu turunun hazırlıqlarını paytaxtda davam etdirəcək. Təlim-məşq toplanışının proqramına uyğun olaraq “sarı-qaralar” bu gün bir məşqə çıxacaq. Daha sonra isə məşqçilər korpusu yetirmələrinə istirahət verəcək.





