"Sumqayıt"ın kapitanı Samir Abbasov futbolçu karyerasını bitirməyə hazırlaşır. Bu barədə futbolinfo.az saytına təcrübəli futbolçunun özü məlumat verib.
 
Abbasov açıqlamasında bu mövsümün sonunda karyerasını başa vuracağını bildirib: "Bu mövsümün sonunda futbolçu karyeramı başa vurmağı düşünürəm. Artıq 36 yaşım olur. Bu da futbolçu üçün az yaş deyil. Anadangəlmə qüsuru olan biri üçün bu, kifayət qədər böyük vaxtdı. Bu səbəbdən mövsümün sonunda futbolla vidalaşmağı planlaşdırıram".
 
Qeyd edək ki, Samir Abbasov fevralın 1-də 36 yaşını qeyd edəcək. "Sumqayıt"ın kapitanı karyerası ərzində "Viləş", "Şəfa", "Şahdağ", "Neftçi", "Karvan", "Qarabağ", "İnter"lə yanaşı 7 il (2004-2011) millinin uğurları üçün çalışıb. Təcrübəli futbolçu 2003/04 mövsümündə "Neftçi", 2007/08 mövsümündə "İnter"lə Azərbaycan çempionu olub. 2003/04 mövsümündə o, "Neftçi" ilə Azərbaycan Kubokunu da qazanmaqla "qızıl dubl"a imza atıb. Özü də Abbasov kubokun finalında qələbə qolunun müəllifi olub. 2005/06 mövsümündə "Karvan"la, 2008/09 mövsümündə də "İnter"lə çempionatın gümüş medallarını qazanıb.
Shares: