2013/2014-cü illər mövsümündə Topaz Premyer Liqasında iştirak etmək üçün komandalar PFL-sifariş vərəqələrini təqdim edərəkən 95 əcnəbi futbolçu qeydə alınmışdı. Sonradan isə "Qarabağ"ın serbiyalı qapıçısı İbrahim Şehiç də bu siyahıya daxil edildi. Ümumilikdə isə çempionat başlayan zaman sifariş vərəqəsində ən çox legioner futbolçu olan Bakının eynidiadlı komandası və "İnter" idi. Hər 2 komandanın sifariş vərəqəsinə 15 əcnəbi futbolçunun adı daxil edilmişdi.
 
"Qəbələ" sifariş vərəqəsində 14 legioner futbolçuya yer ayırmışdı. "Xəzər Lənkəran"da bu rəqəm 12 idisə, "Neftçi" 11 əcnəbinin xidmətinə ehtiyac duymuşdu. "Qarabağ" və "Simurq" 10, “Rəvan" 9, AZAL 8, "Sumqayıt" isə 3 legionerlə mövsümə start vermişdi.
 
Limitə əsasən 2013/14 mövsümündə meydana 7 legionerin çıxmasına icazə verilirdisə, "lazımsız olanlar" gah ehtiyat oyunçular skamyasından, gah da tribunadan komandalarının oyununu izləyirdi. Sözsüz ki, böyük ümidlərlə transfer olunan legionerlərin əksəriyyəti heç də onlara göstərilən etimadı doğrulda bilmədilər.
 
Bu yazıda komandalarda olan "lazımsız" legionerlərdən bəhs edəcəyik. O legionerlərdən ki, onların ölkəmizdə yaşaması üçün lazımi şərait yaradılır, boş-boşuna pullar xərclənilir. Ümumiyyətlə, 7 əcnəbinin eyni vaxtda meydanda olması mümkün olan çempionatımızda klubların 14-15 gəlməyə qucaq açması absurddu. Cəza və zədə ehtimalını nəzərə alsaq, uzağı 10 əcnəbinin heyətdə yer alması məqsədəuyğundu.
 
Futbola ən çox yatırım edən klublarımızdan biri olan "Qəbələ" mövsümə start verən zaman sifariş vərəqəsinə 14 legioner daxil etsə də, heç də onların hamısının xidmətindən yararlana bilmədi. Düzdü, zaman ötdükcə Umar Kalabane və Deyan Kelhar istisna olmaqla, "Qəbələ"nin digər legionerləri öz oyunları ilə komandasına xeyir verdilər. Mövsümün əvvəlində cəmi 3 turda oynayan Kalabane və 197 dəqiqə meydanda olan Kelhar heç cür Yuri Syominin etimadını doğrulda bilmədilər. Qış “transfer pəncərəsi”ndə Rafael Santos, Davron Erqaşev və Marat İzmaylovun heyətə cəlb edilməsini, əvəzində yalnız Kelharın getdiyini və növbəti mövsümdən legioner limitinin 6-a endirilməsini nəzərə alsaq, "qırmızı-qaralar"da əcnəbi sayı daha da artıb. Bu isə əyalət klubunun bir çox futbolçuya boşuna pul xərclədiyini deməyə əsas verir.
 
Qış transfer pəncərəsində Daniel Genov, İlço Naumoiski, Flavio Bek, Joao Paulo kimi legionerləri lazımsız bilən "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze Dieqo Madriqal və Yohan Bokoqnanonun "bankirlər"in heyətinə qoşulmasına razılıq verdi. Uzun müddətdi komandanın “sükanı arxasında” olan gürcü mütəxəssis əlində olan legionerlərdən düzgün şəkildə istifadə edir. Amma yenə də 13 əcnəbi bir qədər çoxdu.
 
Bu baxımdan "Neftçi"də də vəziyyət o qədər pis deyil. Düzdü, "Neftçi"nin latviyalı qapıçı Pavel Doroşev uzun müddət ehtiyat oyunçular skamyasında öz növbəsini gözləyir. Ancaq Saşa Stamenkoviçin yoxluğunda onun kobud səhvlərə yol verməsi diqqət çəkdi ki, belədə bu cür əcnəbidənsə yerli gənclərə şans vermək məsləhətlidi. Çox güman ki, "Neftçi" rəhbərliyi də Azərbaycanda olan yaxşı qapıçı azlığını nəzərə alaraq latviyalıya məcburən pul ödəyir. Amma ağsaqqal İqor Mitreskinin heyətdə saxlanılması başadüşülən deyil. Görünür o, yalnız ailəvi dostu Böyükağa Hacıyevə nə üçünsə lazımdı. Faydasız Melvin Platye də bir başqasına…
 
2004-ci ildə milyonlar xərclənilərək yaradılan "Xəzər Lənkəran" da pullarını səmərəli istifadə etmir. Uşaq komandalarında vəziyyət bərbad olan cənublular əvəzində legionerlə üstünlük verir və pullarını havaya sovurur. 2010-cu ildən bu mövsümün başlanğıcına qədər "Xəzər Lənkəran"da 56 legioner olub ki, onlardan yalnız Adrian Pitlə Adrian Skarlatake hazırda cənubluların uğurları üçün çalışır. Qış “transfer pəncərəsi”ndə Duqlas Leyte, Radomir Todorov, Eduard Oriolu komandadan göndərən cənublular onları yeniləri ilə əvəzlədi. Bəli, yalnız əvəzlədi…
 
Özünə təntənəli sürətdə futbol akademiyası açan "Bakı" da legionerlərdən ən çox istifadə edən klublarımızdandı. Zamanla "Bakı"nın uğursuz transfer siyasətinə də bələd olmusuz. Bu uğursuzluğa səbəb klub daxilində komanda rəsmilərinin "transfer piştaxtası" açmasıdı. Çünki çox zaman komandaya məşqçinin istəyi yox, “fılankəslər”in tələbi ilə oyunçular cəlb olunur. Hətta onlara dəyərindən artıq məbləğ ödənilir. Elə həmin futbolçulara artıqlaması ilə ödənilən pullar sonda onların qudurğanlığına səbəb olub. Hazırda klubda "lazımsız" legionerlərdən biri də ispaniyalı Noquero  Albertodu. 19 tur ərzində 298 dəqiqə meydanda olan ispaniyalı müdafiəçi komandanın işinə bir o qədər yaramır. Ümumiyyətlə, say etibarı ilə 15 əcnəbi həddən artıq çoxdu. Yəqin bu səbəbdəndi ki, boş yer qalmadığından qışda paytaxt təmsilçisi hem kimi almadı. Ancaq lazımsız bir çox əcnəbi qala-qala komandanın liderlərindən olan Mindauqas Kalonas transferə çıxarıldı ki, elə bu məqam da transfer siyasətində kimlərinsə monopoliya yaratdığını göstərir.
 
Son illərə qədər yerli futbolçulara üstünlük verməsiylə seçilən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov artıq kursu dəyişib və brazilyalıların xidmətinə daha çox bel bağlayır. Amma heyətdə lazımsız olanlar da var və yəqin ki, mövsümün gedişində onlar ələnəcək.
 
Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan "Rəvan" qışda faydasız əcnəbilərin əksəriyyəti ilə vidalaşdı. Onların yerinə gələnlərin səviyyəsi isə zaman keçdikcə bəlli olacaq. AZAL və “Simurq” haqda da eyni sözləri demək olar. “Sumqayıt” isə ancaq milliləşənlərlə “özünü dolandırır”. Turnir cədvəlinin nisbətən aşağılarında yer alanlar legioner transerinə diqqətlə yanaşırlar. Onların bu addımı da başadüşüləndi. Çünki maddi sıxıntılar üzündən onların iddialı klublardan fərqli olaraq, göyə sovrulacaq pulları yoxdu.
 
EMİN SƏFƏROV
Shares: