"Simurq"un prezidenti Anar Bəkirovun futbolinfo.az saytına müsahibəsi
– Komandanızın "Neftçi" ilə oyunu haqda fikirlərinizi bilmək maraqlı olardı..
– Futbolçularımız ilk hissədə çox gözəl çıxış etdilər. Hətta deyərdim ki, bəzi məqamlarda "Neftçi"ni üstələdilər. Ancaq ikinci hissədə nə baş verdiyini bilmədim. Bu barədə baş məşqçi ilə söhbətimiz də oldu.
– Sizcə, komandanızın uğur qazana bilməməsinə nə səbəb oldu?
– Nə deyə bilərəm? "Bakı" ilə oyun ərəfəsində Zaqatalaya gedib, baş məşqçi ilə bu barədə bir daha söhbət edəcəm.
– Komandanız "Bakı" ilə oyunda da uğur qazanmasa, baş məşqçi ilə bağlı hansısa tədbir görməyi düşünürsüz?
– Bu məsələyə "Bakı" ilə oyundan sonra baxacağıq. Ancaq biz məşqçimizə inanırıq. Ola bilməz ki, ilk hissəni yaxşı oynasınlar, ikinci yarıda pis. Deməli nəsə var. Düzdü, "Neftçi"nin də dəyişiklikləri öz sözünü dedi. Fikirimcə, Böyükağa Hacıyevin əvəzləmələri oyunun taleyini həll etdi. Qış fasiləsindən sonra ilk oyunumuz idi. 2 və 3-cü oyunumuzdan sonra bir nəticə çıxaracağıq.
– Komandaya yeni cəlb olunan Benjamin Lambotun çıxışı sizi qane etdi?
– Fikrimcə, Lambot pis təsir bağışlamadı. Bildiyiniz, kimi Murad Səttarlı zədəsini yeni bərpa edib. Usim Nduka da "Tavşanlı Linyitspor"dan ayrıldıqdan sonra 20 günə yaxın məşq etməyib. Bunun üçün də onlara bir az vaxt lazımdı ki, özlərinə gələ bilsinlər. Ancaq Lambot təlim-məşq toplanışı zamanı komanda ilə məşq etdiyi üçün formada idi. Biz də belçikalı futbolçunu bəyəndik, müqavilə imzaladıq.
– "Bakı"dan Mindauqas Kalonası mövsümün sonuna qədər icarəyə götürmüsüz. Növbəti oyunu da elə paytaxt klubuna qarşı keçirəcəksiz. Ümumiyyətlə onun müqaviləsində belə bir bənd varmı ki, Kalonas məxsus olduğu kluba qarşı oynamasın?
– Xeyr, belə bir bənd yoxdu. Ancaq ola bilsin ki, litvalı paytaxt klubuna qarşı oynamasın. Çünki "Bakı" ilə təlim-məşq toplanışına yollanmadığı üçün fiziki baxımdan geri qalıb. Bu üzdən Kalonası "Bakı" ilə matçda meydana buraxmaq düz çıxmaz.
– Rövşən Əmiraslanov saytımıza açıqlamasında iddia edir ki, onun transfer vərəqəsinin müqabilində "Simurq" 10 min manat istəyir…
– Onun transfer vərəqəsi kadrlar şöbəsindədi, istənilən vaxt gəlib apara bilər.
– Belə çıxır ki, "Simurq"un pul istəməsi yalnış iddiadı?
– Əmiraslanovun nə istədiyini bilmirəm. Əvvəlcə gəldi bizdən pul aldı. Sonra başladı ağlamağa. O, məni və baş məşqçimizi çox gözəl tanıyır. Biz çox ümid edirdik ki, Əmiraslanov kimi bir oğlan, "İnter"də yetişən futbolçu bizə çox kömək edəcək. Ancaq o, "Simurq"da 15 dəqiqə oynamaqdan başqa bizə heç bir kömək etmədi.
– Futbolçunun özü qeyd edir ki, Anar müəllim yox, klubun başqa rəsmiləri ondan pul tələb edirlər…
– Xeyr, nə olubsa, keçmişdə qalıb. Qeyd etdiyim kimi, onun transfer vərəqəsi kadrlar şöbəsindədi. Gəlib, apara bilər. Biz də ona uğurlar diləyirik.
– Komandanız qarşıya qoyduğu hədəflərdən uzaqlaşmağa başlayıb…
– Biz düşünürdük ki, avrokuboklara vəsiqə qazana bilərik. Lakin görürük ki, bu cür oyundan sonra çətin olacaq. Ancaq bu, o demək deyil ki, biz iddiamızdan əl çəkmişik. Bunun üçün savaşacağıq. Əlimizdən gələni edəcəyik. Hətta yaxşı nəticələrə görə futbolçulara pul mükafatı da verəcəyik. Bizim üçün çətin olacağını bilirik.
EMİN SƏFƏROV





